Azərbaycan regional enerji mərkəzinə çevrilir - ŞƏRH

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra geniş imkanlarını dünyaya təqdim etmək, beynəlxalq təcrübədən bəhərlənmək, sənaye, elm, texnologiya və bütün sahələri inkişaf etdirmək üçün müxtəlif əməkdaşlıq platformalarından istifadə edir. Şübhəsiz ki, Azərbaycanın bir sıra ölkələrlə enerji sahəsində əməkdaşlığı da onun həm nüfuzunu artırır, həm də ölkənin inkişafına rəvac verir. Zəngin neft və qaz yataqları olan ölkə eyni zamanda yaşıl enerji məsələsində də regionun liderinə çevrilir. Bu, Azərbaycan dövlətinin uzunmüddətli strategiyası, gələcəyə yönəlik planları, dünyanın və texnologiyanın tələbləri ilə ayaqlaşmasını göstərir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda uzunmüddətli istismara uyğun qaz yataqları var. “Şahdəniz” dünyanın ən zəngin qaz yataqlarından biri hesab edilir. 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib. Bu təşəbbüsə ilk olaraq Türkiyə və Gürcüstan, sonrakı dövrdə İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya qoşulub. Hazırda yeni və potensial tərəfdaşlar arasında Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro da yer alıb.
Azərbaycan təbii qazını Avropaya nəql edən TAP kəməri ilə 2020-ci il dekabrın 31-dən etibarən kommersiya təbii qazının nəqlinə başlanılıb. Beləliklə, Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılmasına nail olunub.
Bu yaxınlarda isə Azərbaycan qaz nəqli ilə bağlı daha iki uğura imza atıb. Bunlardan biri “SOCAR Energy Ukraine” şirkəti vasitəsilə Transbalkan marşrutu üzrə Bolqarısan-Rumıniya-Ukrayna dəhlizi ilə qazın nəqlidir. İkinci uğur isə avqustun 2-dən Suriyaya qazın ixracı ilə bağlıdır. Türkiyə avqustun 2-dən Kilisdən Suriyanın Hələb vilayətinə Azərbaycanın təbii qazını tədarük etməyə başlayacaq.
Azərbaycan dövlətinin bu addımları iqtisadi sövdələşmə ilə yanaşı, strateji baxımdan da mühüm addımdır və uzunmüddətli əməkdaşlığa işarə edir. Paralel olaraq isə, siyasi-iqtisadi təsirləri baxımından da önəmli bir hadisə sayılır. Eyni zamanda bu addımlarla Azərbaycan qazının ixrac coğrafiyası genişlənir.
Bu, Azərbaycanın müstəqil xarici siyasətinin uğuru sayılır. Qeyd etmək yerinə düşər ki, uzun illər Azərbaycan qazı Ukraynaya Rusiya ərazisindən nəql olunurdusa, artıq yeni bir marşrut işə düşüb. Bu addım həm də Avropanın qaz təchizatında yenilik sayılır. Hadisələrin gedişatı göstərir ki, yaxın vaxtlarda bu imkanlar genişləndiriləcək və texniki təkmilləşdirmələr aparılacaq. Belə bir vəziyyət isə ixrac həcmini artırmağa, iqtisadi səmərəliliyi yüksəltməyə kömək edəcək.
Beləliklə, Azərbaycan regionun enerji mərkəzinə çevrilir.
Hikmət Həsənov