Elmdən fantastikaya addım: 6000 il işləyən almaz batareya

Böyük Britaniya Atom Enerjisi Təşkilatı və Bristol Universitetinin alimləri minlərlə il işləyə bilən yeni enerji mənbəyi hazırlayıblar. Bu enerji mənbəyi almazdan hazırlanır və təxminən 6000 il dayanmadan işləyə bilər.
Alimlərin sözlərinə görə, almazın içində olan Karbon-14 adlı radioaktiv maddə elektrik enerjisi yaradır. Bu maddə çox yavaş parçalandığı üçün uzun illər enerjini təmin edə bilir. Eyni zamanda, almaz materialı çox sərt olduğu üçün həm cihazı qoruyur, həm də radioaktivlikdən zərər gəlməsinin qarşısını alır.
Karbon-14 maddəsi əsasən köhnə atom elektrik stansiyalarının qrafit tullantılarından əldə olunur. Bu da o deməkdir ki, tullantılar gələcəkdə faydalı enerji mənbəyinə çevrilə bilər.
Hazırda bu texnologiyanın prototipi hazırlanır. Əgər uğurlu alınsa, gələcəkdə bu almaz batareyalar kosmosda, tibbdə və digər sahələrdə istifadə oluna bilər.