02 iyun

Bakı Enerji Həftəsi: Forumdan daha artığı - TƏHLİL

Bəzi tədbirlər var ki, onlar sadəcə sənaye nümayəndələrinin toplaşdığı texniki toplantı deyil, bütöv bir ölkənin strateji niyyətlərini dünyaya elan etdiyi platformaya çevrilir. Bakı Enerji Həftəsi artıq illərdir bu statusa malikdir. Neftin geosiyasi silaha çevrildiyi, enerji təchizatında sabitliyin sarsıldığı və Avropanın yeni tərəfdaş axtarışına çıxdığı bir dönəmdə Azərbaycan özünü həm ənənəvi, həm də alternativ enerji mənbələri üzrə etibarlı partnyor kimi təsdiqləyir.

Bu il keçirilən tədbir isə adi forum deyil. 30-cu yubiley “Caspian Oil and Gas” sərgisi, 13-cü “Caspian Power”, eyni zamanda “Baku Energy Forum” Azərbaycanın enerji siyasətində keçdiyi yolu və qarşıya qoyduğu yeni hədəfləri nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışında 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanın və regionun taleyində yaratdığı dönüş nöqtəsinə toxunması da təsadüfi deyildi. Bu müqavilə necə ki, o dövrdə yeni mərhələyə yol açdısa, indi də alternativ enerji üzrə əməkdaşlıq müqavilələri həmin rolu oynamaqdadır.

Azərbaycan artıq təkcə neft və qaz ölkəsi deyil. Xəzər dənizi hövzəsində külək, günəş və hidroenerji potensialının reallaşdırılması, beynəlxalq şirkətlərlə imzalanan müqavilələr və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan kabel vasitəsilə yaşıl enerjinin Avropaya ötürülməsi ölkəmizin bu sahədə nə qədər strateji düşündüyünü göstərir. Birləşmiş Ərəb Əmirlikləri, Çin, Səudiyyə Ərəbistanı və Avropadan olan investorların marağı isə bu yanaşmanın beynəlxalq müstəvidə qarşılıq tapdığını sübut edir.

Enerji təhlükəsizliyi anlayışı artıq təkcə iqtisadi deyil, siyasi və hərbi sabitliyin də tərkib hissəsinə çevrilib. Ukraynada davam edən müharibə və Avropanın Rusiya qazından imtinası fonunda Azərbaycan yeni bir xətt üzrə hərəkət edir: o, həm enerji resurslarını təqdim edir, həm də sabitlik və etibar ixrac edir. Bakı Enerji Həftəsi bu baxımdan Azərbaycanın mesajlarını çatdırdığı yüksək səviyyəli platformaya çevrilib.

Azərbaycan bu forum vasitəsilə neft erasından postkarbon dövrünə keçidin uğurlu modelini təqdim edir. Bu model yalnız iqtisadi deyil, həm də siyasi məsuliyyətlə formalaşır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz təkcə yaşıl enerjiyə sərmayə qoymur, eyni zamanda bu sahədə beynəlxalq öhdəliklərini də ciddiyə alır. Bu da Azərbaycanın enerji strategiyasının təkamülünü və çevikliyini göstərir.

Bakı Enerji Həftəsi ölkəmizin sadəcə keçmiş uğurlarını xatırlatmaq üçün deyil, gələcəyə necə baxdığını göstərmək üçün təşkil olunur. Müstəqil enerji strategiyasına malik olan Azərbaycan bu tədbirlər vasitəsilə həm regionda liderliyini möhkəmləndirir, həm də qlobal enerji sistemində mühüm söz sahibi olaraq çıxış edir.

MTM Analitik Qrupu 

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.