Bu gün

Kasenov: "Moskvanın addımlarına qarşı Azərbaycan reaksiyası Mərkəzi Asiyada rezonans doğurdu" - AÇIQLAMA

Qazaxıstanın tanınmış politoloqu, A+Analytics araşdırma mərkəzinin rəhbəri Fərhad Kasenov Yekaterinburqda azərbaycanlı Səfərov qardaşlarının öldürülməsi ilə bağlı hadisələrə münasibət bildirib.

Bu barədə tehlil.az saytına açıqlama verən politoloq qeyd edib ki, son illərdə Rusiyada milli və etnik azlıqlara qarşı sistematik təzyiq müşahidə olunur və bu hal artıq narahatlıq doğuracaq həddə çatıb:

“Biz dəfələrlə görmüşük ki, Rusiyada əhalinin diqqətini Ukrayna ilə müharibədəki uğursuzluqlardan yayındırmaq üçün ksenofobiya ab-havası sistemli şəkildə qızışdırılır. Təəssüf doğurucu məqam budur ki, çoxmillətli Rusiya dövləti öz vətəndaşlarını birləşdirmək üçün bir içki seçibsə, o da ksenofobiya içkisidir”.

Politoloqun fikrincə, indiyə qədər rusiyalı hüquq-mühafizə orqanlarının ayrı-seçkilik xarakterli yanaşmaları əsasən Mərkəzi Asiyadan olan qırğız, tacik və özbək vətəndaşlara qarşı yönəlib. Bu fonda Azərbaycan vətəndaşlarına və etnik azərbaycanlılara qarşı baş verən son zorakılıq isə yeni mərhələ kimi qiymətləndirilir:

“Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda həyata keçirdiyi zorakılıqla, xüsusilə Səfərov qardaşlarının öldürülməsi, artıq sadəcə insident deyil, sistemli siyasətin nəticəsidir. Amma bu dəfə Azərbaycan fərqli mövqe ortaya qoydu. Təkcə diplomatik etirazla kifayətlənməyib, paralel şəkildə Rusiyada cinayətkar qrupların təmsilçilərinin saxlanılması ilə cavab verdi”.

Fərhad Kasenovun fikrincə, Azərbaycanın bu məsələdə tutduğu qətiyyətli mövqe digər Mərkəzi Asiya ölkələri üçün də nümunə yaradır. Politoloq bildirir ki, Azərbaycan təkcə vətəndaşlarını deyil, Rusiyada yaşayan etnik azərbaycanlıların da hüquqlarını qoruduğunu nümayiş etdirdi:

“Bu, bütün region üçün mesajdır. Azərbaycanın bu davranışı sübut etdi ki, Rusiyada milli azlıqların hüquqlarının qorunması onların mənsub olduqları dövlətlər tərəfindən də təmin oluna bilər. Gələcəkdə Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan da bu təcrübədən faydalana bilər”.

Sonda ekspert Rusiya rəhbərliyinə çağırış edərək bildirir ki, ölkənin çoxmillətli quruluşu fonunda ksenofobiya üzərində siyasi manipulyasiyalar nəinki birləşdirici rol oynamır, əksinə, cəmiyyətdə dərin parçalanmalara səbəb olur:

“Rusiyada hazırda heç bir vətəndaş, xüsusilə də qeyri-rus millətlərindən olanlar, polis və hüquq-mühafizə sistemi qarşısında özünü təhlükəsiz hiss etmir. Bu, çox təhlükəli siqnaldır və Kremlin bu siqnalı düzgün oxumaması artıq təkcə Azərbaycan üçün deyil, bütün Mərkəzi Asiya üçün narahatlıq doğurur”.

Fərhad Kasenovun sözlərinə görə, Azərbaycan bu məsələdə diplomatik susqunluq nümayiş etdirmədi və ilk olaraq adekvat reaksiya göstərərək bu tendensiyanı dəyişmək üçün cəsarətli addım atdı.

Rasim Babayev

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?