Ermənistanda ictimai-siyasi vəziyyət kəskinləşir - ŞƏRH

Artıq bir aydan çoxdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan və hökumət üzvləri Apostol kilsəsini və din xadimlərini hədəf alıblar. Proses may ayının sonlarında, hökumətin iclasında baş nazirin kilsələri murdar hesab etdiyini açıqlaması ilə başladı. Ruhanilər isə öz bəyanatları ilə Paşinyana sərt cavab verdilər. Bundan sonra hökumət başçısı sosial şəbəkədə silsilə yazılar yazaraq II Qaregini subaylıq əhdini pozmaqda ittiham etdi.
Bu qarşıdurma sonradan Eçmiədzinə hüquq-mühafizə orqanlarının basqını, arxiyepiskop Baqrat Qalstanyan və arxiyepiskop Mikael Ajapahyanın həbsi ilə nəticələndi. Baqrat terror hazırlamaqda, Mikael isə hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham olunur.
Məsələ bununla da bitməyib. Bu yaxınlarda Apostol kilsəsinə dəstək verən, əslində Rusiyanın birbaşa adamı olan, Ermənistanda elektrik şəbəkəsi sisteminin inhisarını əlində saxlayan, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan da həbs edilib. Paşinyan onu Kilsəni dəstəkləməkdə, hakimiyyətə qarşı çıxan şəxsləri maliyyələşdirməkdə ittiham edib. Paralel olaraq Karapetyanın tərəfdarları ətrafına toplaşan müxalifətə qarşı da reydlər başlayıb. Bir neçə gündür gəzən söhbətlərə görə, Seyran Ohanyan və Artsvik Minasyanın deputat toxunulmazlığı ləğv edilməli idi. Elə dünən parlamentdə baş prokurorun vəsatəti ilə qaldırılan məsələyə hakim partiyanın deputatları yekdilliklə səs veriblər. Bununla da Seyran Ohanyan və Artsvik Minasyanın deputat toxunulmazlığı ləğv edilib, baş prokurorluqda onlara qarşı cinayət işi başlayıb. Qeyd olunmalıdır ki, “Hayastan” və “Şərəfim var” fraksiyaları səsvermədə iştirak etməyib.
Bununla belə, hadisələrin gedişatı və erməni mediasının analizi göstərir ki, Paşinyan və hakim komanda dayanmayacaq, bir neçə müxalifətçi deputatı da dəmir barmaqlıqlar arxasına göndərəcək. Ehtimal etmək olar ki, baş prokuror daha iki müxalifət deputatının toxunulmazlığını ləğv etmək üçün yenidən parlamentə gedəcək. Bu dəfə isə hədəf “Hayastan” fraksiyasının deputatları Qarnik Danielyan və İşxan Saqatelyandır. Onlar Baqrat Qalstanyanın terror planlarının həyata keçirilməsinin əsas qəhrəmanları sayılırlar və onlara bu maddə ilə cinayət işi açılacaq. Çox güman ki, “Daşnaksütyun” lideri İşxanın birbaşa həbsi təmin edilməlidir. Onun bir neçə ildir baş nazirə qarşı sərt çıxışları və açıqlamaları hakim partiyanın diqqətindən yayınmayıb. Qarnik Danielyana qarşı isə cinayət işi açıla bilər. Bunun üçün isə artıq zəmin hazırlanıb. Dünən parlament iclasında “Vətəndaş müqaviləsi”nin deputatı Artur Hovhannisyan Qarnikin Baqratın ev kirayəsini ödədiyini bildirib. Bu da terrora sponsorluq kimi qiymətləndirilə bilər.
Yeri gəlmişkən, erməni qəzetlərinin xəbərinə görə, müxalifətçi qadın deputatlar da hakimiyyətin hədəfindədir və onların da toxunulmazlıqlarının ləğvi üçün planlar hazırlanır.
Paralel olaraq qeyd etmək yerinə düşər ki, artıq Samvel Karapetyanın komandasında siyasi qüvvənin formalaşdırılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, milyarderin yaxınları mətbuat orqanı da açmaq niyyətindədirlər. Hakimiyyət isə ötən cümə günü Samvelin tərəfdarlarının keçirdiyi aksiyaya öz təxribatçılarını yerləşdirə bilmişdi. Artıq mitinqdə iştirak üçün pul aldıqları barədə xəbər yayırlar. Bu isə bu tip aksiyaların Rusiyadan və Samvel tərəfindən sponsorluqla təşkil edildiyini, hakimiyyətə qarşı plan olduğunu sübuta yetirmək üçün kifayət edə bilər.
Ehtimal etmək olar ki, qarşıdakı aylarda daha kəskin addımlar atılacaq. Parlamentin payız sessiyası isə çox isti və qalmaqallı keçə bilər.
Hikmət Həsənov