Media nümayəndələri arasında şahmat turniri keçiriləcək

22 iyul – Milli Mətbuat Günü münasibətilə Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı əsasında media nümayəndələri arasında şahmat turniri keçiriləcək.
Təhlil.az AŞF-nin məlumatına istinadla xəbər verir ki, yarış iyulun 13-də Respublika Şahmat Mərkəzində təşkil olunacaq. Turnir A və B qrupundan ibarət olacaq.
Qalib və mükafatçılar 7 turdan sonra müəyyənləşəcək. Hər oyuna 5 dəqiqə vaxt veriləcək, hər gedişə 5 saniyə əlavə olunacaq. Hər qrup üzrə ilk üç yeri tutacaq iştirakçılara pul mükafatı və qiymətli hədiyyələr veriləcək. Yalnız birinci yerin sahibləri diplomla təltif olunacaq.
Qeyd edək ki, AŞF hər il ənənəvi olaraq jurnalistlər arasında şahmat yarışları təşkil edir. Budəfəki turnir sayca yeddinci olacaq.