İlon Mask - Donald Tramp qarşıdurması siyasi müstəvidə - ŞƏRH

Amerikalı iş adamı İlon Maskla prezident Donald Tramp arasında qarşıdurma siyasi çalar almağa başlayıb. Mask bəyan edib ki, “Amerika” adlı yeni partiya qurur. Artıq bu məqsədlə ABŞ Federal Seçki Komissiyasına sənədlər təqdim edilib. İş adamı qeyd edib ki, onun məqsədi təkpartiyalı sistemi sarsıtmaqdır. O, Demkoratlarla Respublikaçıların maraqlarının üst-üstə düşməsinə eyham vurub.
Aparılan sorğu nəticələrinə görə, respondentlərin 65,4 faizi yeni partiyanın lehinə, 34,6 faizi əleyhinə səs verib. Mask əlavə edib ki, partiyanın məqsədi Konqresdə bir neçə yer tutaraq, xalqın iradəsini təmsil etməkdir.
Maskın bu planı bir sıra mətləblərdən xəbər verir. Məlum olub ki, ABŞ üçün iki partiyanın yetərli olduğunu düşünənlər var və bu, üçüncü partiyanın meydana çıxa biləcəyi tarixi məqamdır. İndi əsas məqam üçüncü partiyaya imkan verilməsi ilə bağlıdır. İlk baxışdan ABŞ-də partiya qurmaq o qədər də çətin proses deyil. Hazırda rəsmi məlumatlara görə, 55 seçki bülleteninə uyğun, yəni “ballot-qualified” partiya var ki, onlar müxtəlif seçkilərdə namizədlərini irəli sürə bilərlər. Yəni ABŞ-də sadəcə iki partiya yoxdur, bu dövlətin iki partiyalı siyasi sistemi var və bu sistemdə digər partiyaların müxtəlif səbəblərə görə Konqresə nəzarəti ələ keçirmək və ya prezident seçkilərində qalib gəlmək üçün real şansları yoxdur. Bu isə o deməkdir ki, Maskın adından yeni bir partiyanın açılması o qədər də vacib bir hadisə deyil. Ehtimal etmək olar ki, “ballot-qualified” partiyaların sayı 55 yox, 56 olacaq.
Bununla bərabər, ABŞ-də milli partiya yaratmaq üçün kifayət qədər mürəkkəb hüquqi sistem var. Çoxlu imza toplamaq lazımdır və hakimiyyət orqanları qanun pozuntularına görə qeydiyyatdan imtina edirlər. Bu, hər bir ştatda ayrıca həyata keçirilməlidir. Belə bir proses isə bahalı və mənasızdır, ona görə də 55 partiyanın əksəriyyəti bir və ya bir neçə ştatda qeydiyyatdan keçib. 10-dan çox ştatda qeydiyyatdan keçmiş cəmi beş partiya var. İki tanınmış partiyadan başqa bu siyahıda Libertarianlar, Konstitusiya Partiyası və Yaşıllar yer alır.
Amma iki partiyalılığın əsas səbəbi bu deyil. Əsas səbəb Konqresin dünyanın qalan hissəsindən çox fərqli olan xüsusi strukturuna əsaslanır. ABŞ Konqresində bütün yerlər majoritar seçki sisteminə görə bölünür; partiya siyahıları yoxdur. Buna görə də “qalib hər şeyi əldə edir” sistemi yaradılır ki, bu sistemdə əhalinin ilk iki və ya üçlükdən kənarda olan hər hansı bir liderə səs verməyə heç bir əsası yoxdur. Yəni konkret amerikalı hər hansı üçüncü tərəfi dəstəkləsə belə, səsinin boşa getməməsi üçün əksər hallarda respublikaçıya və ya demokrata səs verəcək. Eyni şey Seçicilər Kollegiyası ilə keçirilən prezident seçkilərinə də aiddir. Burada bir ştatın qalibi bütün seçici səslərini alır. Buna görə də, bütün ölkə üzrə, məsələn, mütləq şəkildə 15% səs toplayan bir partiya, praktiki olaraq, Konqresdə heç bir yer almayacaq. Digər ölkələrdə əksər hallarda bu, partiyanın koalisiyanın bir hissəsi ola biləcəyi və bunun üçün bir neçə nazir portfeli ala biləcəyi çox yaxşı nəticə hesab edilə bilər. Eyni zamanda, nəzəri olaraq, ayrı-ayrı rayonlar üzrə Konqresdə bir neçə yer qazanmaq imkanı var. Xüsusən də iki böyük partiyanın üzvü olan və qalib gələn siyasətçiləri öz tərəfinə çəkə bilsən, bu, mümkündür. Eyni zamanda ABŞ siyasi mühitində daha bir xüsusiyyət var ki, onu da qeyd etmək yerinə düşər. Məsələn, namizədlər on illər boyu öz dairəsində seçkilərdə iştirak edir. Yerli əhali isə partiyaya yox, tanıdığı şəxsə səs verir. Hazırda Konqresdə bir neçə formal müstəqil namizəd var, lakin onlar adətən Demokratların tərəfindədirlər. Onlardan ən məşhuru Berni Sandersdir ki, o, formal olaraq müstəqil ifrat solçu siyasətçi olsa da, 2016-cı ildə Demokratlar Partiyasından prezidentliyə namizədlərdən biri idi.
Prezident seçkiləri ilə bağlı vəziyyət oxşardır, hüquqi maneələr, üstəgəl “qalib hər şeyi alır” prinsipi elə şərait yaradır ki, mübarizə iki böyük partiyanın iki namizədi arasında gedir.
Bununla yanaşı, ehtimal etmək olar ki, Maskın partiyası ABŞ siyasətinə təsir edə bilər. Məsələn, əgər hər şey İlonun planı üzrə reallaşsa, növbəti seçkilərdə respublikaçıların səsinin bir hissəsini əldə edərək, demokratlara qalib gələ bilər. Bununla yanaşı, Maskın seçkilərdə iştirak etmək, hətta özünü vitse-prezident elan etmək hüququ yoxdur; seçkilərdə iştirak etmək üçün hələ də ağlı başında olan bir adam tapmalı olacaq.
Hikmət Həsənov