Acarıstan hökumətinin keçmiş başçısı intihara cəhd edib

Tornike Rijvadze döş qəfəsindən güllə yarası ilə Saqareco rayonunda (Kaxeti bölgəsi) Geo Hospitals klinikasına aparılıb. Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci - “Özünü öldürməhəddinə çatdırma” maddəsi ilə intensiv istintaq hərəkətləri aparılır.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Rijvadzeyə təcili tibbi yardım göstərilib.
Sputnik-Georgia xəbər verir ki, həkimlərin sözlərinə görə, onun ağciyəri zədələnib və vəziyyəti stabil, lakin ağır olaraq qalır.
Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani odlu silahın ehtiyatsız saxlanmasına görə təqsirləndirilən şəxs qismində həbs edilib.
“TV Pirveli”nin məlumatına görə, Tornike Rijvadze bir neçə gün idi ki, Aleksi Axvledianinin anasının evində olub. İyulun 7-də gecə saat 02:00 radələrində məhz bu evdən atəş səsləri eşidilib. Hazırda polis hadisə yerinə səfərbər olunub.
Prime Time xəbər verir ki, o, intihara cəhd etməzdən əvvəl məktub yazıb. Məktub tibb işçiləri tərəfindən onun paltarının cibində aşkar edilib. Məktubda əsas diqqət bir neçə məsələyə, o cümlədən korrupsiya və “mənfəətçilər”ə himayədarlıq ittihamlarına yönəlib. Rijvadze hakim partiyanın yaradıcısı Bidzina İvanişviliyə və Baş nazir İrakli Kobaxidzeyə ailəsini qorumaq xahişi ilə müraciət edib.
Tornike Rijvadze bu il aprelin 4-də Acarıstan hökumətinin başçısı vəzifəsindən istefa verib. O, 2016-cı ilin dekabrından Gürcüstanın Energetikanın İnkişafı Fondunun rəhbəri vəzifəsində çalışıb, eyni zamanda energetika nazirinin müavini vəzifəsini tutub.