Qərbin işığı, Kremlin kölgəsi – İrəvanın ikili dilemması - MƏQALƏ

Ermənistan bu günlərdə coğrafi deyil, siyasi xəritədə yolunu itirmiş kimidir. Bir ayağı Brüsseldə, o biri isə hələ də Moskvada ilişib. Ölkənin siyasi elitası, medianı, intellektual cameəsi və küçə danışığı belə, “biz kimik və hara gedirik?” sualının ətrafında dövrə vurur. Bu çaşqınlığın kökündə isə bir reallıq dayanır: Ermənistan artıq öz oyununu oynamır, sadəcə başqalarının qurduğu səhnədə rol seçməyə məcburdur.
Baş nazir Nikol Paşinyan 2018-də hakimiyyətə gələrkən Ermənistana “yeni nəfəs”, “yeni yol” vəd edirdi. O yol Qərbə uzanırdı və daha çox insan haqları, daha az Moskva təzyiqi, daha çox Brüssel və Strasburq söhbətlərini özündə əks etdirirdi. Lakin hər “bəli”nin bir “bədəl”i də var. İrəvan Avropa İttifaqına üzvlük prosesini rəsmi qanunvericilik müstəvisinə çıxardıqca, Kreml susmur.
İndi Ermənistan daxilində siyasi hava bir qədər də fərqlidir. Səhnəyə Robert Köçəryan kimi köhnə oyunçular qayıdır. Bu qayıdış təkcə revanş arzusu deyil, həm də siyasi-kompası Moskva istiqamətinə çevirmək cəhdidir. Köçəryan deyir ki, Avropadan qoruma gözləmək sadəlövhlükdür, Rusiya isə tarixi qardaşdır. “İttifaq Dövləti” ideyası yenidən qızışdırılır. Onun tərəfdarları deyirlər ki, biz nə qədər çox Avropaya qaçırıqsa, bir o qədər də suverenlikdən uzaq düşürük.
Təəccüblü deyil ki, İrəvan küçələrində artıq Qərbə can atanlar da, Kremlin “təhlükəsizlik çətiri”ni istəyənlər də var. Ermənistan cəmiyyətində fikir ayrılığı artıq sadə müxaliflik deyil. Bu, siyasi mədəniyyətin bölünməsi, tarixi yön seçiminin iki yerə parçalanmasıdır.
Bəs bu vəziyyətdən çıxış yolu varmı? Əgər çıxış axtarılırsa, onu xaricdə yox, İrəvanın özündə axtarmaq lazımdır. Ermənilər ya vahid qərara gəlməli, ya da daim iki külək arasında qalan dənizçi kimi sükanı ya o tərəfə, ya da bu tərəfə burmalıdır. Amma bu vəziyyət də risklidir. Çünki çox burulan sükan axırda qırılır.
Həqiqət isə göz qabağındadır. Ermənistan nə tam Qərbə inteqrasiya edə bilir, nə də Rusiya ilə əvvəlki münasibətləri bərpa edə bilir. Bu, artıq siyasi seçim yox, reallığın diqtəsidir. Dövlətlər yalnız müttəfiq seçmir, həm də zamanında və məntiqlə seçir. Gecikən və tərəddüd edən isə oyun qurmaq yerinə oyun obyekti olur.
Bu gün Ermənistanın üzərində üç gücün, yəni Rusiya, Qərb və İran-Türkiyə blokunun diqqəti var. Amma ən qəribəsi də budur ki, ölkənin içində bu qüvvələrin hansının daha yaxın, daha etibarlı olması ilə bağlı fərqli fikirlər səslənir. Bu da o deməkdir ki, Ermənistanın gələcəyini indi İrəvanın özü deyil, onun seçim edə bilmədiyi tərəflər müəyyənləşdirir. Bu isə artıq siyasət yox, təslimiyyətin diplomatik formasına bənzəyir.
MTM Analitik Qrupu