İrandakı səfirliyimizə hücum edən şəxs edam edildi

2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum etmiş şəxs barəsində çıxarılmış edam hökmü bu gün səhər saatlarında İranda icra olunub. Təhlil.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Xatırladaq ki, silahlı insident 2023-cü il yanvarın 27-də, yerli vaxtla səhər saat 08:00 radələrində baş vermişdi. İran vətəndaşı Yasin Hüseynzadə avtomat silahla səfirliyin mühafizə postunu keçərək içəri daxil olmuş və atəş açmışdı. Nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuş, iki əməkdaş isə yaralanmışdı. Hücum edən şəxs hadisə yerində saxlanılmışdı.
Hadisədən sonra İran məhkəmə orqanlarının uzun müddət susqun qalması Bakıda narahatlıq və narazılıq doğurmuş, iki ölkə arasında diplomatik gərginliyi artırmışdı. Mütəxəssislər hesab edirlər ki, cinayət hökmünün indi icra olunması Tehranın Azərbaycanla münasibətləri yumşaltmaq niyyətindən xəbər verir. Xüsusilə də bu qərar İranın yeni prezidenti Məsud Pezeşkianın Bakıya gözlənilən səfəri ərəfəsində baş verib.
Müşahidəçilərə görə, bu addım Azərbaycan–İran münasibətlərində yeni bir mərhələnin başlanğıcı ola bilər.