İşğalın görünməyən üzü: korrupsiya müharibəsi - MƏQALƏ

Azərbaycan postmüharibə dövründə yalnız fiziki dağıntılarla mübarizə aparmır. Bu gün eyni zamanda beynəlxalq tribunalarda və hüquqi platformalarda Ermənistanın işğal illərində törətdiyi korrupsiya və iqtisadi cinayətlərin ifşası istiqamətində davaşını davam etdirir.
Çünki, uzun illər ərzində işğal altında qalan Azərbaycan əraziləri sadəcə nəzarətdən çıxmadı, sistemli şəkildə talan olundu, sərvətləri mənimsəndi, infrastrukturu dağıdıldı. Bu dağıntıların əsas səbəbi hərbi məqsədlər deyil, maddi maraqlar, yəni korrupsiya olub. Prezident İlham Əliyevin MT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network – çərçivəsində 6-cı Plenar iclas iştirakçılarına ünvanladığı müraciətdə də bu məqam xüsusi vurğulanıb. O bildirib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində qızıl yataqlarından çaylara, inzibati binalardan digər resurslara qədər hər şeyi pul qazanmaq məqsədilə istifadə edib və istismar obyektinə çevirib.
Bu gün isə həmin fəaliyyətlər bir-bir sənədləşdirilir. Azərbaycanın təqdim etdiyi sübutlar arasında qeyri-legitim müqavilələrlə işləyən xarici şirkətlər, məqsədli şəkildə məhv edilmiş sosial obyektlər, çirkləndirilmiş çaylar, dağıdılmış meşələr və oğurlanmış yeraltı sərvətlər var. Yəni söhbət təkcə hərbi işğaldan yox, bir dövlətin digər bir ölkənin iqtisadi suverenliyinə qarşı sistemli korrupsiya siyasəti aparmasından gedir.
Məsələn, Zəngilanın Vejnəli, Kəlbəcərin Qızılbulaq və Dəmirli yataqları uzun illər ərzində Ermənistanın və onunla əməkdaşlıq edən xarici şirkətlərin qanunsuz qazanc mənbəyinə çevrilmişdi. “Base Metals” kimi erməni şirkətləri Livan, Kanada, Rusiya kimi ölkələrdən olan ortaqları ilə birlikdə bu sərvətləri çıxarıb, daşımış, gəlirlərini isə heç bir vergiyə, hesabatlığa tabe etmədən mənimsəmişdi. Bunun nəticəsində təkcə milyonlarla dollar iqtisadi itki baş vermədi, həm də Azərbaycanın suveren hüquqları, ətraf mühit və gələcək nəsillərin hüquqları tapdalandı.
Ətraf mühitə vurulan ziyan isə məsələnin başqa bir qaranlıq tərəfidir. Oxçuçay kimi transsərhəd çayların ciddi çirklənməsi, torpaqların deqradasiyası, bioloji müxtəlifliyin azalması beynəlxalq ekoloji hüquqların kobud şəkildə pozulmasına səbəb olub. Bu da göstərir ki, Ermənistanın işğal dövründəki fəaliyyəti təkcə Azərbaycanla münasibətləri deyil, beynəlxalq hüququn fundamental prinsiplərini hədəfə alıb.
Bütün bu sübutlar artıq beynəlxalq hüquq firmaları vasitəsilə toplandıqca, məsələ yeni fazaya keçir: kompensasiya tələb etmək. Azərbaycanın hüquqi komandaları hazırda Ermənistanın qanunsuz fəaliyyətlərində iştirak edən xarici şirkətlərin cavabdeh qismində tanınması üçün beynəlxalq arbitrajlara və milli məhkəmələrə müraciət edir. Bu, həm zərərin hesablanması, həm də günahkarların məsuliyyətə cəlb olunması baxımından olduqca mühüm presedent ola bilər.
Azərbaycanın beynəlxalq platformalarda bu məsələni ardıcıl şəkildə qaldırması həm hüquqi, həm də siyasi təzyiq alətidir. Ermənistanın keçmiş fəaliyyətləri təkcə lokal problem deyil, həm də beynəlxalq korrupsiya şəbəkələrinin və işğal siyasətinin birləşdiyi nadir hallardan biridir. Bu isə o deməkdir ki, məsələ BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda gündəmdə qalacaq.
Azərbaycan öz postkonflikt strategiyasında təkcə quruculuğa yox, ədalətin bərpasına da xüsusi yer ayırır. Ermənistanın işğal zamanı apardığı qeyri-qanuni fəaliyyətlərin bir çoxu bu gün müxtəlif hüquqi müstəvilərdə təqib olunur və nəticə olaraq, təkcə siyasi deyil, iqtisadi və hüquqi cavab da gözlənilir. Bu proses təkcə keçmişin hesablaşması deyil, həm də gələcək təxribatların qarşısını alan önəmli beynəlxalq presedentdir.
MTM Analitik Qrupu