Bakı və İslamabadın ortaq strateji kodları - ŞƏRH

Dünyada bəzi ölkələr var ki, münasibətlərdə formal protokolları bir kənara qoyub, sözdə yox, əməldə qardaşlıq anlayışını yaşadır. Azərbaycanla Pakistan arasında qurulan əlaqə məhz belə bir nadir siyasi modeldir. Dostluqdan müttəfiqliyə, oradan da ortaq maraqlar üzərində formalaşan strateji tandemə gedən yol. Bu münasibətlərin dərinliyini anlamaq üçün son hadisələrə, xüsusilə də Pakistanın Baş naziri Şahbaz Şərifin Prezident İlham Əliyevə telefon zənginə nəzər salmaq kifayətdir.
Bu zəng, əslində, Cammu və Kəşmirdə baş verənlərlə bağlı Azərbaycanın hansı tərəfdə dayandığını birmənalı şəkildə ortaya qoydu. Pakistanın Baş naziri Hindistanın ölkəsinə qarşı hərbi təxribatları haqda məlumat verdi, Azərbaycan isə təkcə dinləmədi, həm də dərhal dəstəyini ifadə etdi. Bu, yalnız diplomatik etiket yox, həm də siyasi mövqedir. Çünki Azərbaycanın bu dəstəyi regional "status-kvo"ya qarşı real bir mövqe, həm də İslam dünyasında nüfuzunu artıran prinsipial bir addımdır.
Azərbaycan Cənubi Qafqazda, Pakistan isə Cənubi Asiyada yerləşsə də, onların bir ortaq dərdi var ki bu da ərazi bütövlüyü uğrunda apardıqları mübarizədir. Pakistan 30 ildir Ermənistanı tanımır. Bu addım, sadəcə Azərbaycanın könlünü almaq üçün yox, prinsipial bir beynəlxalq mövqedir. Eyni şəkildə Azərbaycan da Cammu və Kəşmir məsələsində Pakistana dəstəyini davam etdirir. Bəli, bu, qarşılıqlı diplomatik jest deyil. Bu, ortaq ədalət anlayışıdır.
Azərbaycanın Hindistan-Pakistan arasında baş verən son gərginlik zamanı açıq şəkildə İslamabadın yanında yer alması həm də regional güclərin balansında mühüm siqnaldır. Bakı göstərir ki, haqqın tərəfində olmaq təkcə öz torpağını qorumaqla bitmir.
Bəzən üçüncü tərəfin davranışı iki dostu daha da yaxınlaşdırır. Hindistanın son illərdə Ermənistanla hərbi əməkdaşlığa can atması, rəsmi Bakı üçün bir təhlükəsizlik çağırışıdır. Pakistanla hərbi əməkdaşlığı isə bu təhdidə birgə cavab modelidir. İki ölkənin birgə hərbi təlimləri, Azərbaycanın Pakistan istehsalı silahlara marağı, geosiyasi təhlükəsizlik arxitekturasında boşluqları doldurmağa yönəlmiş konkret addımlardır. Azərbaycanın Pakistandan silah, xüsusilə dronlar və döyüş təyyarələri alması, yeni tip müttəfiqliyin kodlarını açır. Bu, artıq klassik nota və memorandum diplomatiyası deyil. Bu, real güc balansının, müdafiə strategiyasının içində formalaşan birgə planlaşdırmadır. Çünki Pakistan təkcə İslam dünyasında söz sahibi olan dövlət deyil, həm də hərbi-sənaye kompleksinə sahib, real güc potensialı olan ölkədir. Bu baxımdan Azərbaycan üçün Pakistan, həm etibarlı müdafiə tərəfdaşı, həm də gələcəkdə potensial texnoloji əməkdaşlıq platformasıdır.
Qeyd edək ki, iki ölkə arasında hər şey silahlarla bitmir. Azərbaycanın Pakistana 2 milyard dollarlıq investisiya planı, enerji sektorunda birgə layihələr, nəqliyyat dəhlizlərinin formalaşdırılması səssiz çevriliş nümunəsidir. Bu, hər iki ölkənin sabah üçün plan qurduğunu göstərir. Bakı Xəzər resurslarını Cənubi Asiyaya çıxarmaq istəyir, Pakistan isə Azərbaycanın Şərqlə Qərb arasında qurduğu yeni logistik şəbəkəyə daxil olmaq niyyətindədir.
Azərbaycan və Pakistan coğrafi olaraq uzaqdırlar. Amma siyasətdə məsafə deyil, mövqe önəmlidir. Hər iki ölkə regional ədalətsizliyə qarşı ortaq səsdir. Onlar təkcə diplomatik sənədlərlə deyil, əməli addımlarla haqqın tərəfində olduqlarını sübut edirlər. Pakistanın İslam dünyasında artan nüfuzu, Azərbaycanın beynəlxalq hüquq müstəvisində qazandığı hörmət ikitərəfli deyil, daha geniş, regional və qlobal miqyasda formalaşan yeni güc modelidir.
Belə bir dönəmdə Azərbaycanın Pakistana birmənalı dəstəyi yalnız qardaşlıq yox, strateji uzaqgörənlik nümunəsidir. Bu münasibətlərin gələcəyi isə artıq diplomatik müzakirə yox, geosiyasi labüdlük kimi görünür.
MTM Analitik Qrupu