16 may

Tirana sammitindən Bakıya uzanan strateji yol - MƏQALƏ

Tiranada keçirilən Avropa Siyasi Birliyi sammiti bir çoxları üçün diplomatik təqvimdəki növbəti tədbir kimi görünə bilər. Amma əslində bu platforma artıq qitənin gələcəyi uğrunda gedən müzakirələrin əsas meydanına çevrilməkdədir. Ən diqqətçəkən məqam masada artıq Azərbaycanın olmasıdır. Özü də təkcə iştirakçı kimi yox, həm də mövqe formalaşdıran bir oyunçu kimi.

Azərbaycanın Avropa Siyasi Birliyində ilk addımı 2022-ci ilin Praqa sammitində atıldı. O zaman Cənubi Qafqazda vəziyyət həssas idi, yeni güc balansı formalaşırdı. Bakı isə bu balansın kənarından deyil, tam mərkəzindən danışmağa başladı. Prezident İlham Əliyevin həmin sammitdə iştirakı, təkcə Azərbaycan diplomatiyasının bir uğuru deyil, Avropaya ünvanlanan açıq bir mesajdır. Bakı bu bölgədə sabitlik üçün əsas dayaq nöqtələrindən biridir.

Praqadakı görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı əldə olunan razılaşma, illərlə davam edən regional qeyri-müəyyənliklərin beynəlxalq səviyyədə həll yoluna çıxarılması baxımından dönüş nöqtəsi oldu. Bu, diplomatik prosesin təfərrüatları arasında gizlənmiş sadə bir sənəd deyil. Bu, Cənubi Qafqazın gələcəyi ilə bağlı təsdiq olunmuş yeni kontur idi.

Azərbaycan təkcə təhlükəsizlik məsələlərində yox, həm də enerji və logistika sahəsində Avropanın strateji tərəfdaşına çevrilir.  Avropanın enerji xəritəsində Bakı artıq alternativ deyil, əsas təchizat marşrutunun başlanğıcıdır. TANAP və TAP layihələri bunu praktik şəkildə sübut edir. Amma məsələ yalnız qazla bitmir. Azərbaycanın Cənubi Qafqazda təşəbbüskarı olduğu nəqliyyat dəhlizləri də Avropanın Orta Asiyaya çıxışında əvəzolunmaz hal alıb. Tirana sammiti isə bu diplomatik marafonun növbəti mərhələsi kimi yadda qaldı. Azərbaycan liderinin burada iştirakı bir daha göstərdi ki, ölkə artıq özünü regional mövzulardan qlobal diskussiyalara daşıya bilib. Tiranada səslənən mesajlar, verilən siqnallar Azərbaycanın Avropa üçün yalnız təchizatçı deyil, həm də geosiyasi sabitlik üçün vacib tərəfdaş olduğunu göstərdi.

Azərbaycan bu platformalarda artıq sadəcə reaksiya verən ölkə deyil, təşəbbüs irəli sürür, müzakirələrin istiqamətini müəyyən edir. Bu isə onu göstərir ki, Bakı post-münaqişə dövründə formalaşan reallıqları yalnız qorumaq yox, onları beynəlxalq siyasətin gündəminə çevirə biləcək qədər möhkəmdir.

Sonda belə bir mənzərə ortaya çıxır. Avropanın siyasi birliyində yeni bir mövqedə duran, sabitlik üçün etibarlı və realist təkliflər irəli sürən bir tərəfdaş var. Onun adı Azərbaycandır. Bu reallığı isə artıq istənilən diplomatik meydanda nəzərə almamaq mümkünsüzdür.

MTM Analitik Qrupu