Bu gün

İstanbulda sülh masası: real dönüş, yoxsa diplomatik jest? - ŞƏRH

Mayın 15-də İstanbulda dünya bir daha nəfəsini tutacaq. Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski dörd illik müharibədən sonra ilk dəfə üz-üzə gələcəklər Danışıqlar, şübhəsiz, təkcə Moskva ilə Kiyev arasındakı münasibətlərə deyil, qlobal güc balansına da toxunacaq.

Tərəflərin görüşməsi heç də asan baş vermədi. Bu təşəbbüs bir tərəfdən Türkiyənin, digər tərəfdən isə ABŞ-dəki Tramp komandasının diplomatik fəallığı ilə baş tutur. Ankaranın vasitəçi kimi çıxış etməsi onun son illərdə beynəlxalq münasibətlərdə qazandığı balanslı mövqenin nəticəsidir. Türkiyə nə Qərbdən tam asılıdır, nə də Rusiya ilə əlaqələri kəsəcək qədər sərt xətt tutur. Bu siyasət Ərdoğan iqtidarı üçün həm regionda nüfuz, həm də daxildə siyasi dividendlər qazanmaq üçün əlverişli zəmin yaradır.

Görüşün gündəliyi artıq bəllidir: atəşkəs, cəbhə xəttinin sabitləşdirilməsi, Ukraynanın neytral statusu və ərazi məsələləri. Lakin bu məsələlərin hər biri kifayət qədər çətin və həssasdır. Krım və Donbas məsələsində kompromis ehtimalı hələ də sual altındadır. Zelenskinin komandası geri addım atmaq istəmir, amma Ukrayna daxilində artan yorğunluq və Qərbin dəstəyində müşahidə olunan zəifləmə Kiyevi daha praqmatik mövqeyə sürükləyə bilər.

Eyni zamanda, Tramp adminstrasiyasının bu danışıqlara göstərdiyi maraq da diqqətdən yayınmır. Onun planı rəsmi elan edilməsə də, Rusiya şərtlərinə yaxın bir format üzərində qurulduğu bildirilir. ABŞ-nin Ukraynaya hərbi dəstəyinin azaldılması və NATO məsələsində kompromis axtarışı sülh naminə deyil, daha çox siyasi balansların yenidən qurulması ilə bağlıdır.

Görüşün nəticələri hələ məlum deyil, amma özü fakt olaraq artıq bir irəliləyiş sayılır. İstanbul masası həm Putin, həm də Zelenski üçün mövqelərini yenidən qurmaq, həm də sülh görüntüsü yaratmaq üçün fürsətdir. Bu arada, Avropa İttifaqı sülhə deyil, daha çox iqtisadi yüklərdən yaxa qurtarmaqla bağlı təşəbbüslərə dəstək verir. Çin isə gözləmə mövqeyindədir. Bir sözlə Çin nə Rusiya ilə münasibətləri riskə atmaq istəyir, nə də Qərblə ticarət kanallarını bağlamaq.

Beləliklə, İstanbul danışıqları daha çox siyasi atmosferi yoxlamaq üçün bir mərhələ kimi görünür. Real nəticələr hələ uzaqda ola bilər, amma bu masa bir şeyi göstərir. Tərəflər artıq yalnız cəbhədə deyil, masa arxasında da mübarizə aparmaq mərhələsinə keçirlər.

TƏHLİL ANALİTİK QRUP