06 may

Ermənistan Qərbə, Moskva isə qəzəbə doğru - MƏQALƏ

Səssiz diplomatiya artıq işləmir. Moskva xəbərdarlıları açıq dillə etməyə başlayıb, amma İrəvan hələ də sanki eşitmir.  Əgər son illərin siyasi xəritəsinə baxsaq, Ermənistanın coğrafi mövqeyi yerində qalsa da, siyasi koordinatları dəyişib. İndi bu ölkə Rusiya üçün sadəcə “kiçik müttəfiq” deyil. Daha çox “itirilmiş tərəfdaş” obrazındadır.

Baş nazir Nikol Paşinyan yeni ili “Avropa İttifaqına inteqrasiya qanunları” ilə qarşılayır. Xarici işlər naziri isə ABŞ ilə “strateji tərəfdaşlıq sazişi” üçün Vaşinqtondadır. Siyasi jestlər qurtardı, indi real sənədlər imzalanır. Ermənistan Avropa İttifaqının müşahidəçilərini ərazisində yerləşdirib, Fransa ilə hərbi sahədə iş birliyini genişləndirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələr isə demək olar ki, dayandırılıb.

Rusiya səfiri Sergey Kopırkinin son müsahibəsində səsləndirdiyi narahatlıq heç də yeni deyil. Amma ton dəyişib. Artıq Moskva Ermənistanın “ikinci anti-Rusiya cəbhəsi”nə çevriləcəyindən açıq şəkildə danışır. Ukrayna təcrübəsi fonunda bu cür ritorika təsadüfi görünmür. Kopırkinin sözləri arasında gizli olan isə budur: Rusiya Ermənistanın bir seçim etdiyini düşünür. Amma özü haqda yox, onun əleyhinə.

İrəvanın küçələrində isə başqa gərginlik var. Parlament spikeri Alen Simonyan sabiq prezident Robert Köçəryanı “rus casusu” adlandırır. Müxalifətin, xüsusən də Köçəryan və Sarkisyanın artan fəallığı fonunda bu cür ifadələr təsadüfi deyil.

Simonyanın bəyanatları Ermənistanda hansısa yeni “soyuq daxili müharibə”nin başlandığını da göstərir. Rusiya yalnız sərhəddə deyil, artıq Ermənistanın daxili siyasi meydanında da “gizli oyunçu” kimi təqdim edilir.

Ermənistan indi həm Qərbə, həm də Rusiyaya izah verməli olduğu bir mərhələdədir. Tehranla ara-sıra edilən “təskinlik səfərləri” isə göstərir ki, İrəvan bu balansın nə qədər təhlükəli olduğunu anlayır. Amma məsələ burasındadır ki, bu artıq balans oyunu deyil. Bu, istiqamət seçimidir.

Paşinyanın “çoxvektorlu siyasət” bəyanatları bir növ siyasi nəzakətə çevrilib. Amma reallıqda Ermənistan Qərbin təhlükəsizlik orbitinə daxil olur. Qalır bunun hansı nəticə doğuracağı.

Rusiyanın təzyiq vasitələri tükənməyib. Amma İrəvan da hər şeyi eyni qaydada davam etdirmək istəmir. Əgər Moskva “səssiz” cavab verməyi seçsə, bu, Ermənistan üçün yeni problemlərin başlanğıcı olacaq. Əgər səsli cavab versə o zaman bu, artıq açıq qarşıdurma deməkdir.

Hər iki halda bu münasibətin əvvəlki adı ilə qalmayacağı aydındır.

TƏHLİL ANALİTİK QRUP