01 may

Azərbaycan rəqəmsal gələcəyə yol açır - TƏHLİL

Son illərdə qlobal miqyasda rəqəmsal texnologiyaların inkişafı və informasiya axınının sürətlənməsi “Rəqəmsal İpək Yolu” layihəsini beynəlxalq əməkdaşlığın yeni formatına çevirib. Çin tərəfindən irəli sürülən bu təşəbbüs təkcə texnoloji deyil, eyni zamanda iqtisadi və siyasi məzmun daşıyır. Layihənin əsas məqsədi Asiya ilə Avropa arasında rəqəmsal rabitə dəhlizləri qurmaq, yüksək texnologiyaların əlçatanlığını artırmaq və qlobal rəqəmsal bərabərsizliyi aradan qaldırmaqdır.

Bu layihə çərçivəsində Azərbaycan mühüm geostrateji mövqe tutur. Ölkənin yerləşdiyi coğrafi məkan Avropa ilə Asiya arasında təbii körpü rolunu oynayır. Eyni zamanda, Azərbaycan son illərdə rəqəmsallaşma və telekommunikasiya sahəsində atdığı addımlarla özünü bu prosesin fəal iştirakçısına çevirib. Ölkə “Rəqəmsal İpək Yolu” təşəbbüsünü yalnız texnoloji layihə kimi deyil, həm də iqtisadi inkişafın yeni mərhələsi kimi dəyərləndirir.

Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibi ilə çəkilən 380 kilometr uzunluğundakı fiber-optik kabel layihəsi bunun konkret nümunəsidir. Bu layihə saniyədə 400 terabitə qədər yüksəkhəcmli məlumat ötürülməsini təmin etməklə, Azərbaycanı regionda məlumat və internet trafikinin əsas tranzit ölkəsinə çevirəcək. Bu, ölkənin informasiya təhlükəsizliyi və texnoloji müstəqilliyi baxımından da strateji əhəmiyyət daşıyır.

Digər tərəfdən, Çin tərəfdaş ölkələrə texnologiya transferi, informasiya infrastrukturunun qurulması, süni intellekt, 5G, robototexnika, peyk naviqasiyası və ağıllı şəhər texnologiyalarına çıxış imkanları təqdim edir. Azərbaycan bu sahələrdə Çin texnologiyalarından istifadə etməyə və onların tətbiq sahəsini genişləndirməyə maraqlıdır. Bu yanaşma həm ölkənin rəqəmsal transformasiyasını sürətləndirir, həm də onu texnoloji innovasiyaların regional paylayıcısına çevirir.

“Rəqəmsal İpək Yolu” layihəsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzuna və iqtisadi cəlbediciliyinə də müsbət təsir edir. Ölkə bu təşəbbüs vasitəsilə “Azerbaijan Digital Hub” proqramı çərçivəsində rəqəmsal xidmətlər ixracatçısına çevrilmək niyyətindədir. Bu proqramın məqsədi ölkənin internet alışında xarici asılılığını azaltmaq, regionda məlumat ötürülməsində mərkəzi qovşaq olmaq və rəqəmsal iqtisadiyyatı inkişaf etdirməkdir.

Hazırda 60-dan çox ölkə “Rəqəmsal İpək Yolu” layihəsində iştirak edir. Bu, təşəbbüsün nə qədər geniş qlobal əhatəyə malik olduğunu göstərir. Azərbaycanın bu ölkələr sırasında aktiv rol oynaması təkcə iqtisadi deyil, həm də siyasi və texnoloji baxımdan böyük önəm daşıyır.

Nəticə etibarilə, “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycanın qlobal rəqəmsal sistemə inteqrasiyasını gücləndirir, ölkənin regional və beynəlxalq rəqəmsal əməkdaşlıqlarda mərkəzi mövqeyini möhkəmləndirir. Bu layihə dördüncü sənaye inqilabı dövründə ölkənin texnoloji dayanıqlığını artırmaq və rəqabətqabiliyyətini gücləndirmək baxımından strateji fürsət yaradır.

TƏHLİL ANALİTİK QRUP