Dünən

Avropa Siyasi Birliyinin səssiz gücü: Azərbaycan - TƏHLİL

Bir vaxtlar Avropanın siyasi xəritəsində adını eşitməyə öyrəşdiyimiz Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələr var idi.  Amma indi bu xəritədə Azərbaycanın adı təkcə enerji gündəmində yox, siyasi oyun quruculuğu səviyyəsində də çəkilir. Burada söhbət imzalanmış müqavilələrdən yox, real koordinasiyadan, təmasdan və etimaddan gedir.

Bu platforma nisbətən yeni, yəni 2022-ci ildən fəaliyyətə başlasa da, son illərin ən çevik və reaksiya verə bilən siyasi formatlarından birinə çevirib. Ən maraqlısı isə budur ki, bu masa ətrafında təkcə Avropa İttifaqı ölkələri yox, Aİ üzvü olmayan, amma onun geosiyasi nəbzini tuta bilən ölkələr də var. Həmin ölkələrdən biri də Azərbaycandır.

Avropa Siyasi Birliyi rəsmi hüquqi institut deyil, lakin onun yaratdığı diplomatik mühit elə güclüdür ki, qərarların reallığa təsiri klassik qurumlardan az deyil. İstər enerji təhlükəsizliyi, istər miqrasiya, istərsə də münaqişələrin həlli kontekstində Azərbaycan bu platformada tərəf yox, tərəzidir. Çünki balans yaratmaq qabiliyyətinə malik azsaylı ölkələrdəndir.

Xüsusilə Ermənistanla münasibətlər kontekstində Avropa Siyasi Birliyi çərçivəsində baş tutan görüşlər Azərbaycanın diplomatik çevikliyini və mötədil mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin 2022-ci ildə Praqadakı Zirvə görüşündə iştirakı, orada Ermənistan rəhbəri ilə keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyünün rəsmi şəkildə tanıdılması sadəcə diplomatik uğur deyildi, regionun gələcəyinə verilən mesaj idi.

Fransa kimi güclü oyunçuların Ermənistanın açıq tərəfini tutması isə bu platformanın birliyi qorumaq bacarığını sınağa çəkdi. Qranadada keçirilən üçüncü Zirvə toplantısında Azərbaycanın iştirakı məsələsindəki anlaşmazlıq, xüsusilə Türkiyənin qatılmasına olan etirazlar göstərdi ki, bəzən "birlik" dediyimiz masa, bərabərlik prinsipi ilə deyil, seçici yanaşmalarla qurulur.  “Politico”nun yazdığı kimi, Qranadada sülh fürsəti əldən verildi. Azərbaycan isə bu tədbirdə iştirak etməməklə, həm siyasi mövqeyini ortaya qoydu, həm də platformaya olan münasibətini prinsipial yanaşma ilə ifadə etdi.

Bloklardan kənarda olmaq bəzən daha böyük imkanlar yaradır. Azərbaycan Avropa Siyasi Birliyində Avropa İttifaqının üzvü olmadan gündəmi dəyişən oyunçuya çevrilib. Xüsusilə enerji təhlükəsizliyi sahəsində Azərbaycanın oynadığı rol həm təbii qaz tədarükçüsü, həm də etibarlı tərəfdaş statusu onu Aİ ölkələrinin enerji xəritəsində məcburi keçid nöqtəsinə çevirib.

Tiranada keçirilən altıncı Zirvə toplantısında Prezident İlham Əliyevə göstərilən xüsusi ehtiram da təsadüfi deyildi. Bu, həm regional gücə, həm də qlobal tərəfdaşa verilən qiymət idi. Avropa Siyasi Birliyi böyümək, daha dərin siyasi dialoqa keçmək istəyirsə, Azərbaycan kimi oyunçulara real platforma açmalıdır. Bu, sadəcə tərəfdaşlıq deyil, həm də strateji zərurətdir. Çünki bugünkü Avropa təkcə Berlin, Paris, Brüssel deyil, həm də Bakı, Ankara, Kiyev, Tbilisidir.

Maraqlı məqamlardanbiri bu gün Avropanı qoruyan sipərlərin bəzilərinin onun institusional sərhədlərinin çölündə yerləşməsidir ki, o sipərlərdən biri də məhz Azərbaycandır.

MTM Analitik Qrupu