16 may

Azərbaycanda otellərdə qalan əcnəbi turistlərin sayı 9.1% artıb

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 4 ilin I rübündə Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilən şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

2025-ci ilin yanvar-mart aylarında da Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilən şəxslərin sayı ötən ilin eyni dövrünə nisbətən 10,1% və ya 43 120 nəfər artaraq 471 539 nəfərə çatıb.

Qeyd edək ki, 2024-cü ilin sonuna olan rəsmi rəqəmlərə görə, Azərbaycanda 859 mehmanxana (hotel) və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Aparılan təhlil zamanı məlum olub ki, 2023-cü ildən etibarən Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilən əcnəbi şəxslərin sayı artıb.

Buna misal olaraq qeyd edə bilərik ki, 2025-ci ilin I rübündə ölkəmizdəki mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşən əcnəbi şəxslərin sayı ötən ilin I rübü ilə müqayisədə 9,1% və ya 23 412 nəfər artaraq 279 824 nəfərə çatıb.

Cari ilin I rübündə ölkədəki mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdən istifadə edən Azərbaycan vətəndaşlarının sayı 191 715 nəfər olub. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 19 708 nəfər çoxdur.

2025-ci ilin I rübündə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşən şəxslərin 58,55%-i və daha dəqiq desək 276 087 nəfəri paytaxt ərazisində, digər 41,45% və ya 195 452 nəfər isə bölgələrimizdə yerləşib.

Bölgələr üzrə yerləşdirilən 41 372 nəfər Qusar rayonundakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərə üz tutub.

Cari ilin ilk 3 ayında 20 136 nəfər Lənkəran, 18 998 nəfər isə Şabran rayonundakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşib.

Hesabat dövründə Şuşa şəhərində 8 264 nəfər mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdən istifadə edib.

Rəsmi rəqəmlər göstərir ki, 2025-ci ilin I rübündə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlir və xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bu artım mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdəki yerləşmələrin sayının artması ilə əlaqədar olub. Son olaraq 2025-ci ilin I rübünə olan göstəricilərə görə, ölkədəki mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 125,1 milyon manat, xərcləri isə 119,5 milyon manat təşkil edib.

Məlumat üçün bildirək ki, 2021 və 2022-ci illərin I rübləri üzrə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri gəlirlərindən daha çox olub. Bu da həmin illərdə “COVID-19” pandemiyasına görə tətbiq edilmiş qadağalarla bağlı olub.

Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər cari ilin I rübünü 5,7 milyon manat xalis mənfəət ilə başa vurub. Lakin, bu məbləğ ötən ilin I rübündə əldə olunan xalis mənfəətdən 47% və ya 5 milyon manat az olub. Pandemiya dönəmində isə 2021-ci ilin I rübü üzrə 11 milyon manat, 2022-ci ilin I rübü üzrə isə 4,2 milyon manat zərər qeydə alınıb.