Üç ölkə, bir enerji xətti: Azərbaycan, İran və Rusiya sistemləri birləşir

Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisi sahəsində yeni strateji əməkdaşlıq mərhələsinə qədəm qoyulur.
Təhlil.az xəbər verir ki, bu üç ölkənin enerji sistemlərinin birləşdirilməsini nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırması (TİƏ) artıq hazırdır. Layihənin ilkin mərhələsində Rusiya tərəfindən İrana Azərbaycan ərazisi vasitəsilə 200 meqavatadək elektrik enerjisinin ötürülməsi mümkündür.
Rusiyanın energetika nazirinin müavini Yevgeni Qrabçak bildirib ki, layihənin texniki-iqtisadi əsaslandırması hazırlanıb, artıq layihənin texniki cəhətdən reallaşdırılması, dəyəri və səmərəliliyi barədə aydın təsəvvürümüz var: "Hazırda Azərbaycan tərəfinin rəsmi mövqeyini gözləyirik və yaxın zamanda üçtərəfli məsləhətləşmələrin keçirilməsi planlaşdırılır".
Nazir müavini əlavə edib ki, Rusiya və İran enerji sektorunun digər sahələrində də əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Qrabçaka görə, İran tərəfi əməkdaşlığın üç əsas istiqamətini təklif edir. Texnologiyaların birbaşa lokallaşdırılması və istehsalın Rusiyada qurulması, texnoloji biliklərin ötürülməsi, eləcə də birgə müəssisələrin yaradılması.
Onun sözlərinə görə, bu yollar iqtisadi baxımdan səmərəli olarsa və hər iki tərəfin maraqlarına uyğun gələcəksə, əməkdaşlıq dərinləşdirilə bilər.