Bu gün

Maaş, məzuniyyət və müavinətlər: 2027-ci ildə nələr dəyişəcək?

Azərbaycanda 2027-ci il martın 1-dən saatlıq əməkhaqqı və minimum saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Aprelin 1-dən isə əməkhaqları elektron sistem vasitəsilə nağdsız ödəniləcək. Bundan başqa, 3 yaşınadək uşağa qulluğa görə müavinət 100 manata çatdırılacaq, istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya qaydaları dəyişdiriləcək.

Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin iclasında bildirib.

Onun sözlərinə görə, Əmək Məcəlləsinə, digər məcəllələrə və qanunlara dəyişikliklər dörd əsas istiqaməti əhatə edir.

Yeni qaydalara əsasən, bir aydan az müddətə bağlanan əmək müqavilələrində və həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. Minimum saatlıq əməkhaqqı minimum aylıq əməkhaqqının bir saatına düşən məbləğdən az olmayacaq.

Əməkhaqlarının elektronlaşdırılması iş saatlarının və ödənişlərin sistemdə qeydə alınmasını, maaşların işçinin bank hesabına köçürülməsini təmin edəcək. Bununla qeyri-formal məşğulluğun və əməkhaqqı ödənişlərində qanunsuz halların qarşısının alınması hədəflənir.

2027-ci il yanvarın 1-dən 3 yaşınadək uşağa qulluğa görə müavinət hazırkı 44 və 28 manatdan 100 manata qaldırılacaq. Həmçinin Naxçıvanda qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezidentlərin sosial sığorta haqlarının 2036-cı ilədək dövlət büdcəsi hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.

Məzuniyyətlərlə bağlı dəyişikliklərə əsasən, istifadə edilməmiş və növbəti ilə keçirilməmiş məzuniyyət günlərinə görə işçinin müraciəti əsasında kompensasiya ödəniləcək. Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəzlənməsinə isə əmək müqaviləsinə xitam verilən hallar istisna olmaqla icazə verilməyəcək.

İclasda dövlət rüsumları ilə bağlı dəyişikliklər də təqdim olunub. Layihəyə əsasən, şəxsiyyət və sürücülük vəsiqələrində vətəndaşdan asılı olmayan texniki səhvlərin düzəldilməsinə görə rüsum tutulmayacaq. Bəzi sosial qruplar üçün güzəştlər sistemləşdiriləcək, dövlət baytarlıq pasportunun verilməsi üzrə rüsumun isə 20 manatdan 30 manata qaldırılması təklif olunur.

Qeyd edək ki, dəyişikliklərin bir hissəsi qanun dərc edildikdən, sosial müavinət və Naxçıvanla bağlı müddəalar 2027-ci il yanvarın 1-dən, saatlıq əməkhaqqı martın 1-dən, elektron ödəniş sistemi isə aprelin 1-dən qüvvəyə minəcək.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?