Sülh prosesində Paşinyan məsuliyyəti xalqın boynuna atır - ŞƏRH

Ermənistan baş naziri Nikol Paşinyanın Albaniyada verdiyi son müsahibədə səsləndirdiyi “konstitusiya xalqın iradəsi ilə dəyişə bilər” fikri, əslində, sülh prosesindən yayınmağın növbəti cəhdidir. Paşinyan məsuliyyəti siyasi hakimiyyətin üzərindən cəmiyyətə ötürmək və daxildəki revanşist dairələri neytrallaşdırmaq məqsədilə bu məsələni bilərəkdən süründürməçilik müstəvisində saxlayır.
Rəsmi İrəvan konstitusiyada Azərbaycanın ərazilərinə iddia edən müddəaların sadəcə “tarixi simvolika” olduğunu iddia etsə də, bu müddəalar sülhə əsaslı maneədir. Konstitusiyanın preambulasında 1990-cı il müstəqillik bəyannaməsinə istinad açıq şəkildə ərazi iddialarına zəmin yaradır. Eləcə də dövlət gerbindəki Ağrı dağı və digər simvollar həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarını təcəssüm etdirir.
Beynəlxalq hüquqa görə, dövlətlər beynəlxalq öhdəliklərini daxili hüquqi sənədlərlə ziddiyyətə sala bilməz. Əgər Ermənistan doğrudan da sülhə sadiqdirsə, ilk növbədə, konstitusiyasını uyğunlaşdırmalı, Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəaları ləğv etməlidir. Əks təqdirdə, verilən bütün bəyanatlar sadəcə diplomatik görüntüdən ibarət olacaq.
Azərbaycanın bu məsələdəki tələbi tamamilə legitim və hüquqi əsaslıdır. Konstitusiya dəyişmədən imzalanacaq istənilən sülh sazişi formal sənəd olaraq qalacaq. Paşinyanın “xalq istəməsə, dəyişməyəcək” iddiası isə həm daxili manipulyasiyadır, həm də beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir.
Əslində, Ermənistan ictimaiyyətində yaranan “konstitusiya müqaviməti” illərlə aparılan azərbaycanofob təbliğatın nəticəsidir. İndi bu yanlış mirasın yükünü daşıyan Paşinyan hökuməti sülh prosesini uzatmaq üçün bu faktoru bəhanəyə çevirib.
Sülh üçün təkcə bəyanatlar yox, konkret hüquqi addımlar lazımdır. Ermənistan ya konstitusiyasını dəyişib səmimi niyyətini sübut edəcək, ya da sülh prosesini əngəlləyən tərəf kimi tarixdə qalacaq.
MTM Analitik Qrupu