Bu gün

Qərbə mesaj, siyasi proseslərin yeni mərhələsi - ŞƏRH

Ermənistan siyasi proseslərin yeni mərhələsinə qədəm qoyur. Dünən İrəvanda baş verən hadisələr bunu deməyə əsas verir. Baş nazir Nikol Paşinyan “Taşir” şirkətlər qrupunun sahibi, “Ermənistan Elektrik Şəbəkəsi” QSC-nin rəhbəri Samvel Karapetyanın həbsi ilə bağlı göstəriş verib. Hətta bu göstərişi icra etməkdən boyun qaçıran təhlükəsizlik xidmətinin rəhbəri Abazyan da vəzifəsindən olub. Bununla belə, məhkəmə Karapetyanı 2 ay müddətinə həbs edib. Sonrakı proseslər bu müddətin neçə ilə uzadılacağını göstərəcək.

Hadisələr iş adamının Apostol Kilsəsinə dəstəyini ifadə etdikdən sonra cərəyan edib. Karapetyan baş naziri tənqid edərək, yeni siyasi prosesin başlayacağını anons edib. İşin maraqlı tərəfi odur ki, Samvel Karapetyan 2021-ci ildə digər erməni iş adamları ilə birlikdə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. Sözügedən şəxslər Azərbaycan ərazisinə, yəni Qarabağa qeyri-qanuni yollarla silah daşıyıblar. Aradan 4 il keçdikdən sonra Paşinyanın birdən-birə Karapetyanı həbsə göndərmək istəyinin altında siyasi motivlərin iqtisadi motivlərlə toqquşması dayanır.

Birincisi, Samvel konkret olaraq Rusiyanın adamıdır və “Ermənistan Elektrik Şəbəkəsi”nə 2015-ci ildən rəhbərlik edir. Bu dövrə qədər isə şirkətin sahibi Rusiya olub. Göründüyü kimi, Kreml vacib və strateji obyekti öz adamına ötürüb. Bu isə o deməkdir ki, istənilən vaxt Paşinyana qarşı təzyiq rıçaqı kimi istiafə edilə bilər. Bunun nümunələri də var. Məsələn, bir neçə il əvvəl, şəbəkə elektrik qiymətlərində cüzi artım edərək, İrəvanda ciddi etirazlara səbəb olmuşdu. İqtisadi çətinlik və yoxsulluqla boğuşan Ermənistan əhalisi üçün bu, ciddi zərbə idi. Bu səbəbdən də baş nazir düşünür ki, belə bir şəbəkənin Karapetyanın əlində olması, seçki ərəfəsində ona qarşı çevrilən “silah” ola bilər. Həm qiymətlərlə oynayaraq sadə xalqı hökumətə qarşı qaldırmaq mümkündür, həm də böyük işçi ordusu olan “Ermənistan Elektrik Şəbəkəsi”nə seçkilərdə təlimat verərək kimə səs veriləcəyini müəyyənləşdirmək olar. Həm də çoxsaylı işçi qüvvəsindən Paşinyana qarşı etiraz aksiyalarında istifadə etmək olar. Məhz bu səbəbdən də parlamentdə hələ dünəndən şəbəkənin milliləşdirilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu, seçkiyə hesablanmış plan da sayıla bilər. Çünki hesablamalara görə, 10 minlərlə işçisi olan bu şirkətin əməkdaşlarından parlament seçkilərində istifadə etmək hakim partiyanın planlarından biridir.

İkincisi, Paşinyan-kilsə münasibətlərinin kəskinləşməsi fonunda Karapetyan hakimiyyətə qarşı ruhani idarənin aktivliyinə potensial sponsor ola bilər. Bu da “Vətəndaş müqaviləsi”nin planlarına ziddir.

Üçüncüsü, Samvel Karapetyanın həbsi Moskvaya və Qərbə də mesaj sayıla bilər. Ermənistan Aİ-dəki “dayday”larına ismarıc verir ki, Rusiyanın iqtisadi təsirini azaltmaq və ondan qurtulmaq niyyətindədir. Bununla da Qərbdən seçkilərdə dəstək istəyir. Beləliklə, məqam çox güman ki, təsadüfən seçilməyib: bu, Ermənistan hakimiyyətinin rəqiblərini neytrallaşdırmaq və daxili siyasi arenada nəzarəti gücləndirmək məqsədi daşıyan siyasətinə uyğundur və xarici qüvvələrə mesajdır.

Hikmət Həsənov

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?