Bu gün

Qardaşlıqdan strateji gücə: Azərbaycan-Türkiyə tandemi yeni mərhələdə - TƏHLİL

Regionda münaqişə ocaqlarının artması fonunda təhlükəsizlik çağırışlarının aktuallaşması, geosiyasi risklərin artması beynəlxalq münasibətlər sistemində gərginliyə səbəb olub. Bu gərginlik həm yerləşdiyimiz coğrafiyada, həm də qlobal miqyasda sülh və təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Mümkün təhdid və təsirlərin, təhlükəsizlik çağırışlarının müzakirəsi strateji müttəfiq ölkələr olan Türkiyə və Azərbaycan üçün də aktualdır.

Azərbaycan Prezidenti İlham Əliyevin belə həssas və mürəkkəb dönəmdə türkiyəli həmkarının dəvəti əsasında dost ölkəyə reallaşacaq səfəri qlobal qarşıdurmaların yaratdığı mümkün risklərin müzakirəsi, təhlükəsizlik çağırışlarına ortaq yanaşmanın formalaşdırılması, qabaqlayıcı tədbirlərin reallaşdırılması baxımından xüsusilə diqqət çəkir. Ölkələrimiz arasında analoqu olmayan strateji müttəfiqlik münasibətləri heç də sırf etnik, dini və mədəni yaxınlıq amillərinə söykənmir. Bu münasibətlər beynəlxalq hüququn əsas prinsiplərinə – dövlətlərin suverenliyi, ərazi bütövlüyü, daxili işlərinə qarışmama, sərhədlərin toxunulmazlığı kimi normalarına əsaslanır. Məhz bu yanaşma ölkələrimizin regionda və beynəlxalq arenada mövqeyini gücləndirir, onların etibarlı tərəfdaş, dialoq təşəbbüskarı kimi tanınmalarını təmin edir. Azərbaycan və Türkiyə siyasi dialoqu təşviq edərək, münaqişələrin hərbi deyil, diplomatik yolla həllini dəstəkləyirlər.

Azərbaycan uzun illər ərzində İran və İsraillə münasibətlərini paralel şəkildə qoruyub saxlayan nadir ölkələrdən biridir. Rəsmi Bakı həm Tehranın, həm də Təl-Əvivin regiondakı maraqlarını nəzərə alaraq neytral xarici siyasət yürüdür. Bununla yanaşı, rəsmi Bakının vaxtilə Türkiyə-İsrail münasibətlərinin normallaşması üçün səmərəli diplomatik təşəbbüslər göstərdiyini də xatırlatmaq lazımdır. Ölkəmiz regionda sabitləşdirici və vasitəçi ölkə rolunda çıxış etmək potensialına malik olduğunu sübut edib.

Azərbaycan və Türkiyə prezidentlərinin 2021-ci il iyunun 15-də imzaladıqları məlum Şuşa Bəyannaməsi hər iki ölkə arasında strateji müttəfiqlik münasibətlərini hüquqi çərçivəyə salmaqla yanaşı, regional və qlobal siyasətdə qarşılıqlı fəaliyyət mexanizmlərini də müəyyənləşdirib. Bəyannamədə təsbit edilən suverenlik, ərazi bütövlüyü və digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri faktiki olaraq bölgədəki münaqişələrə ortaq baxışı, təhlükəsizliyin təməl prinsiplərini təşkil edir.

Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı hərbi qarşıdurmalar – Rusiya-Ukrayna, İran-İsrail müharibələri fonunda Türkiyə və Azərbaycanın yerləşdikləri quru ərazilərin, hava məkanlarının strateji əhəmiyyəti xeyli artıb. Ölkələrimiz Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq, enerji, nəqliyyat və loqistika sahələrində mühüm aktor kimi çıxış edirlər. Rusiya və İrana qarşı sanksiyaların intensivləşdiyi bir dövrdə Azərbaycan və Türkiyə qlobal iqtisadi-ticari əlaqələrdə də mühüm və etibarlı tərəfdaşlara çevriliblər.

Səfər zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələsinin əsas müzakirə mövzularından biri olacağı şübhəsizdir. Bu kontekstdə maraqlı məqam həm də odur ki, Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə səfəri nəzərdə tutulur. Bu fakt özlüyündə rəsmi Ankaranın Cənubi Qafqazda sülh təşəbbüslərinin fəal iştirakçısı, Azərbaycanın isə prosesin əsas tərəfi olduğunu deməyə əsas verir.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqlarda rəsmi Ankaranın ölkəmizin maraqlarını daim nəzərə alması xüsusi qeyd olunmalıdır. Bu isə rəsmi İrəvanı Azərbaycanla sülhə daha konstruktiv yanaşmağa sövq edən mühüm amildir.

Ümumiyyətlə, Türkiyənin İkinci Qarabağ müharibəsindən sonra regionda sülhyaratma prosesində fəal iştirakı, ölkəmizə qarşı geosiyasi təhdidlərə çevik reaksiyası rəsmi Ankaranın Cənubi Qafqazdakı sabitləşdirici rolunu gücləndirib. Azərbaycan və Türkiyə prezidentləri arasındakı intensiv təmaslar, iyunun 14-də baş tutan telefon danışığı da bu baxımdan maraq doğurur. Dövlət başçıları İran-İsrail qarşıdurması ilə bağlı narahatlıqlarını bölüşərək, tərəfləri münaqişənin diplomatik yolla həllinə çağırıblar. Bu, bir daha təsdiqləyir ki, Azərbaycan və Türkiyə regional və qlobal məsələlərə vahid mövqedən yanaşır, fəaliyyətlərini koordinasiya edirlər.

Prezident İlham Əliyevin səfəri zamanı Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı danəzərdə tutulur ki, bu da ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini parlaq şəkildə simvolizə edir. Xatırladaq ki, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Kahramanmaraş ən çox ziyan görən şəhərlərdən idi. Azərbaycan həmin vaxt qardaş ölkəyə dərhal humanitar yardım göstərmiş, xilasedici qruplar göndərmişdi.

Azərbaycanın dövlət büdcəsi hesabına Kahramanmaraşda salınmış “Azərbaycan məhəlləsi” yalnız humanitar məqsədli layihə deyil, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının konkret təzahürüdür. Açılış mərasimində hər iki ölkə prezidentinin iştirakı da bu layihənin qardaş ölkədə yüksək qiymətləndirildiyini deməyə əsas verir. Bu addımlar xalqlarımız arasında birliyi, etimadı daha da dərinləşdirir.

Qeyd edilənlər fonunda bir daha təsdiqlənir ki, Azərbaycan-Türkiyə strateji mütətfiqliyi regionun sabitliyi, təhlükəsizliyi baxımından vacib əhəmiyyət kəsb edir. Bu müttəfiqlik təkcə iki ölkənin, Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın gələcəyi üçün də mühüm dividendlər vəd edir.

MTM Analitik Qrupu 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?