Bu gün

Beynəlxalq muğam ifaçıları müsabiqəsi başlayıb

“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Konservatoriyasında beynəlxalq muğam ifaçıları müsabiqəsinin püşkatma mərasimi keçirilib.
Təhlil.az xəbər verir ki, Müsabiqəyə Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olmaqla ümumilikdə 30-dan artıq gənc muğam ifaçısı qatılıb.
Püşkatmadan öncə beynəlxalq muğam ifaçıları müsabiqənin münsiflər heyəti təqdim edilib. Özbəkistanın sədrlik etdiyi münsiflər heyətində Azərbaycan, Türkiyə və Almaniya da təmsil olunub.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov muğam sənətinin tarixi keçmişindən və bu sənətin mərhələli inkişafından söz açıb. O, muğamın təkcə musiqi janrı deyil, eyni zamanda xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısı olduğunu bildirib. Nazir müavini vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın muğam sənətinin inkişafına ayırdığı davamlı diqqət və qayğı nəticəsində bu sahədə mühüm nailiyyətlər əldə olunub. M.Hüseynov çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-Zadə öz çıxışında festivalın keçirilməsinin məqsədindən bəhs edib. İndiyədək müsabiqənin artıq yeddinci dəfədir keçirildiyini xatırladan rektor söyləyib ki, muğam sənətinin öyrənilməsi, araşdırılması, inkişafı və təbliği hər zaman öz aktuallığını qoruyub saxlayıb.
Çıxışların ardınca muğam müsabiqəsinin birinci turuna başlanılıb və püşkatmaya uyğun olaraq gənc istedadların bəzilərinin muğam ifaları təqdim olunub.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?