Karapetyanın həbsi Bakının mövqeyini gücləndirir: Ermənistan-Rusiya gərginliyi alovlanır - MƏQALƏ

Azərbaycana qarşı müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyanın Ermənistanda həbsi İrəvan-Moskva münasibətlərində yeni gərginlik predmetinə çevrilir. “Tashir Group” şirkətinin sahibi olan Samvel Karapetyanın həbsinə səbəb onun Ermənistanda hakimiyyəti devirmək niyyəti olub. Böyük maliyyə imkanlarına malik bu şəxsin Erməni Apostol Kilsəsinin müdafiəsi məqsədilə dedikləri həqiqətən də Samvel Karapetyanın Ermənistanda hakimiyyət çevrilişinə cəhd niyyətlərini təsdiq edir.
Bəllidir ki, son bir neçə gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında münasibətlər yenidən gərginləşib. Karapetyan hələ həbsindən əvvəl Paşinyan və komandasını nəzərdə tutaraq qeyd edib ki, kiçik bir qrup erməni tarixini, erməni kilsəsinin tarixini unudaraq, erməni kilsəsinə və xalqına hücum edib: “Harada oluramsa olum, nə baş verirsə, nəsə edirlərsə, bütün gücümlə erməni xalqı üçün müqəddəs olanlar uğrunda mübarizə aparacağam. Heç kimə icazə verməyəcəyəm ki, onlar hansı bəhanə ilə və hansısa məqsədlə müqəddəs olanlara təcavüz etsinlər”. Karapetyan Erməni Apostol Kilsəsinin yanında olduğunu, müxalif siyasətçilərin Erməni Apostol Kilsəsinin müdafiəsində uğursuz olacağı halda, kilsəyə qarşı kampaniyaya öz bildiyi şəkildə müdaxilə etməyə hazır olduğunu bəyan edib.
Qeyd edilməlidir ki, Nikol Paşinyan hakimiyyətə gələndən az sonra onun kilsə ilə münasibətlərində böhran yaşanıb. Xüsusən də Paşinyanın Qarabağın Azərbaycana məxsusluğu ilə bağlı bəyanatlar verməsi baş nazirlə Erməni Apostol Kilsəsi arasında münasibətləri daha da gərginləşdirib. Bundan əvvəl bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin bəyan etmişdi ki, erməni kilsəsi Paşinyanın istefası ilə bağlı çağırışından geri çəkilməyib. Mayın sonlarından Paşinyan II Qaregin və bəzi arxiyepiskoplar haqqında təhqiramiz bəyanatlar səsləndirməyə başlayıb. Əsl adı Ktriç Nersisyan olan II Qareginin övladının olması ilə bağlı məsələ Paşinyana görə, bu şəxsin katolikos olmasını qeyri-mümkün edir. Parlamentdə çıxışı zamanı yenidən bu məsələyə toxunan Paşinyan bildirib ki, indiki halda Ktriç Nersisyanın katolikos olmaq, hüququ yoxdur. Bu kontekstdə Paşinyan bir daha 356-cı il Aştishat Şurasını xatırladıb, ondan sonra subaylıq andının məcburi şərt kimi qoyulduğunu bildirib:
“Ktriç Nersisyanın nəinki katolikos olmaq hüququ yoxdur, onun heç bir ritualı yerinə yetirmək hüququ da yoxdur, çünki qaydalara görə, o, təhqir, zina və digər günahlara görə yepiskop, keşiş, katolikos olmaqdan çıxır. Onlar bizim kilsənin çoxəsrlik qaydalarını ləkələyirlər”.
Proseslərin gedişi göstərir ki, Ermənistanda indiki kilsə rəhbərliyinin cəmiyyətdə dayağı yoxdur və II Qareginin yeni katolikosla əvəzlənməsi an məsələsidir. Bütün bunlar fonunda Samvel Karapetyanın indiki katolikosun və müxtəlif günahlar törətməkdə ittiham olunan digər keşişlərin yanında yer alması, onlar müdafiəsini bildiyi şəkildə təmin edəcəyini iddia etməsi adıçəkilən iş adamının hakimiyyətə qarşı mövqeyini də açıq şəkildə meydana qoyur. Həmçinin, onun açıqlamaları hakimiyyəti güc yolu ilə devirmək niyyətini də üzə çıxarır. Nəzərə alınmalıdır ki, Ermənistanda hakimiyyətə problemlər yaratmaq, ixtişaşlar törətmək üçün Samvel Karapetyan böyük maliyyə imkanlarına malikdir. “Forbes” jurnalının tərtib etdiyi 146 Rusiya milyarderi arasında Samvel Karapetyan bu il 44-cü yerdə qərarlaşıb. Onun sərvəti 3,2 milyard ABŞ dolları dəyərində qiymətləndirir.
Kilsə ilə bağlı məlum açıqlamalarından az sonra Samvel Karapetyanın Ermənistandakı evində polis tərəfindən axtarış aparılıb. Az sonra isə iş adamının həbsinə qərar verilib. Ona Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi üzrə ittihamlar irəli sürülüb. Ardınca İrəvan şəhərinin birinci instansiya məhkəməsi Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.
Proseslərə Nikol Paşinyan özü də münasibət bildirib. Onun sözlərinə görə, Samvel Karapetyanın kilsənin müdafiəsinə qalxması təsadüf deyil və hər şey əslində, biznes maraqları ilə bağlıdır. Söhbət indiki halda “Tashir Group” şirkətinə məxsus olan “Ermənistan Elektrik Şəbəkələri”ndən gedir. Paşinyan bu xüsusda qeyd edib: “Çoxsaylı regional səfərlərim zamanı təəccüb və qəzəblə gördüm ki, əslində “Ermənistan Elektrik Şəbəkələri” öz fəaliyyəti nəticəsində Ermənistanda demək olar ki, enerji böhranı yaradıb. Mənim təhlilim onu da göstərir ki, bütün bunlar Ermənistanda daxili narazılıq yaratmaq üçün edilib və edilməkdə davam edir. Mən göstəriş vermişəm ki, xalqın daxili narazılığına səbəb olan “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdirilməsi üçün mexanizmlər yaradılsın. Mənim sərəncamımın müddəti iyunun 21-də başa çatır”.
“Tashir Group” 2016-cı ildə Rusiyanın “İnter RAO”şirkəti ilə ilə bağlanmış müqavilə nəticəsində “Ermənistan Elektrik Şəbəkələri” QSC və “Hrazdan İES” ASC-nin səhmlərinin 100 faizini alıb. İndi sonuncuların “Tashir Group”dan geri alınaraq milliləşdirilməsi Samvel Karapetyanın biznes maraqlarına ciddi şəkildə toxunur. Paşinyan bildirir ki, Samvel Karapetyanın birdən-birə kilsənin müdafiəsinə qalxması məhz bunlarla bağlıdır: “Karapetyanın aktivləşməsini mənim əmrimlə, qərarımla əlaqələndirirəm, çünki hökumət üzvləri işə başlayıblar. “Ermənistan Elektrik Şəbəkələri”nə mesaj veriblər, deyiblər ki, siz xalqa, təkcə xalqa deyil, dövlət və özəl qurumlara da nə qədər ziyan vurmusunuzsa, bunu dəqiq hesablayın. Mən deyirəm ki, kilsə ilə bağlı məsələ “Ermənistan Elektrik Şəbəkələri”nin sahibləri üçün sadəcə tüstü pərdəsidir”.
Samvel Karapetyanın həbsi təkcə Ermənistanda yox, Rusiyad da diqqətlə izlənilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a bildirib ki, Moskva “qəribə bəhanələrlə İrəvanda həbs olunan Rusiya vətəndaşı Samvel Karapetyan ətrafında” vəziyyəti izləyir. Bir sıra Rusiya media vasitələri, deputatlar, müxtəlif şəxslər isə Paşinyan hakimiyyətini Samvel Karapetyanın həbsinə görə sərt tənqid atəşinə tutmağa başlayıblar. Aparıcı Vladimir Solovyov isə Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında daha çox təhqiramiz ifadələr səsləndirib. Bu fonda Ermənistan Xarici İşlər Nazirliyi Rusiya tərəfinə nota ünvanlayıb. Xarici işlər naziri Ararat Mirzoyan qeyd edir ki, Ermənistan Rusiyanın bir sıra siyasi və ictimai xadimlərinin Samvel Karapetyan ətrafında yaranmış vəziyyətlə bağlı açıqlamalarını daxili işlərə müdaxilə və ölkənin suverenliyinə qəsd kimi qiymətləndirir. Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Hasmik Akopyan isə xatırladıb ki, Samvel Karapetyanın həbsi ilə bağlı Rusiyanın hökumət və ictimai dairələrində çoxsaylı dəstəkləyici bəyanatlar verilib, onların bəziləri Ermənistanın daxili siyasi həyatına müdaxilə çağırışları ilə müşayiət olunub. Ararat Mirzoyan buna cavab olaraq qeyd edib ki, Rusiyanın dövlət televiziyasının “Vladimir Solovyovla axşam” proqramının efirində Ermənistan rəhbərliyinə qarşı qəbuledilməz çağırışlar, təhrif olunmuş münasibət, təhqirlər, o cümlədən şəxsi xarakterli ifadələr səsləndirilib: “Bundan dərhal sonra oxşar təzahürlər və ifadələr Rusiyanın siyasi xadimlərindən, o cümlədən Dövlət Dumasının deputatlarından, xüsusən də hakim çoxluqdan olan deputatlardan da eşidilib. Ermənistan bu təzahürləri iki ölkə arasındakı dostluq münasibətlərinə və beynəlxalq hüququn prinsiplərinə zidd hesab edir. Biz bunu təkcə ənənəvi erməni-rus dostluğuna və bu dostluğu təsbit edən və ya tənzimləyən hüquqi sənədlərə zidd deyil, həm də Ermənistan Respublikasının daxili işlərinə birbaşa, açıq müdaxilə, suverenliyimizə və demokratiyamıza qəsd hesab edirik. Bu barədə rusiyalı həmkarlarımıza məlumat vermişik”.
Proseslər göstərir ki, Samvel Karapetyanla bağlı məsələ həm Ermənistan daxilində, həm də bu ölkənin Rusiya ilə münasibətlərində gərginlik mənbəi olacaq. Burada bir məqamı da qeyd edək ki, Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilir. O, uzun illər ərzində, xüsusən də İkinci Qarabağ müharibəsi və ondan sonrakı müəyyən dövr ərzində Qarabağ separatçıalarına müxtəlif formada dəstək verməklə, ölkəmizə qarşı müxtəlif müharibə cinayətləri törədən əsas şəxslərdən biridir.
MTM Analitik Qrupu