24 may

Siyasi dialoqda yeni mərhələ: Azərbaycan ASB-də söz sahibidir - TƏHLİL

Azərbaycanın Avropa Siyasi Birliyi (ASB) ilə əməkdaşlığı yalnız siyasi təmas formatı deyil, həm də Cənubi Qafqazın geosiyasi arxitekturasında dəyişikliklərə yol açan strateji addımdır. Fransa təşəbbüsü ilə 2022-ci ildə yaradılan ASB ilk baxışda Avropa İttifaqı ətrafında formalaşan hökumətlərarası platforma kimi görünsə də, əslində bu qurum Avropanın sərhədləri daxilində və kənarında yerləşən ölkələr üçün dialoq, təhlükəsizlik və əməkdaşlıq imkanlarını yenidən dizayn edir. Bu kontekstdə Azərbaycanın burada tutduğu mövqe və nümayiş etdirdiyi fəallıq, onun öz milli maraqları çərçivəsində beynəlxalq platformalarda necə uğurla manevr etdiyini bir daha göstərir.

Azərbaycan nə Qərbyönümlü, nə də Rusiyapərəst xətt yürüdür. Bakı üçün əsas prinsip birmənalı olaraq milli maraqların qorunması və beynəlxalq münasibətlərdə balanslı tərəfdaşlıqdır. Məhz bu yanaşma ASB ilə qurulan münasibətləri də daha sağlam əsaslar üzərində inkişaf etdirir. Prezident İlham Əliyevin bu yaxınlarda Albaniyada keçirilən 6-cı ASB Zirvəsində iştirakı Azərbaycanın bu platformada artan çəkisini və Qərb arenasında nüfuzunun möhkəmləndiyini nümayiş etdirdi.

Azərbaycanın bu platformada verdiyi mesajlar, irəli sürdüyü təşəbbüslər Avropanın transformasiyaya uğrayan təhlükəsizlik və enerji siyasəti fonunda daha çox diqqət cəlb edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi xeyli artıb. Cənub Qaz Dəhlizi, Xəzər yaşıl enerji layihələri, Orta Dəhliz üzrə yük axınlarının hər biri artıq təkcə iqtisadi alət deyil, həm də geosiyasi təsir mexanizmləridir. Avropa Siyasi Birliyinin Azərbaycana artan marağı da bu reallıqdan qaynaqlanır.

Təbii ki, Azərbaycanın platformadakı iştirakı təkcə energetika ilə məhdudlaşmır. Bakı, eyni zamanda, Avropada baş verən prosesləri siyasi baxımdan diqqətlə izləyir və öz iştirakını yalnız “enerji təchizatçısı” olaraq yox, həm də regional sabitliyə töhfə verən, strateji dialoqun bir parçası olan ölkə kimi formalaşdırır. Bunun bariz nümunəsi Azərbaycanın 2028-ci ildə ASB sammitinə ev sahibliyi edəcək olmasıdır. Bu qərar rəsmi Bakının artıq Avropa siyasi ailəsinin mühüm iştirakçısı kimi qəbul edildiyini göstərir.

Ermənistanla eyni anda ASB sammitlərinə ev sahibliyi etmə razılığı isə həm də postmünaqişə dövrünün diplomatik jestlərindən biri kimi qiymətləndirilə bilər. İki ölkənin bir-birinin namizədliyini dəstəkləməsi, hələlik tam sülh razılaşması olmasa belə, qarşılıqlı etimad atmosferinin zəif də olsa mövcud olduğunu göstərir. Bu, həm də ASB platformasının Cənubi Qafqazda nə qədər həssas diplomatik tarazlıqla işləməli olduğunu göstərir.

Bütün bunlarla yanaşı, Azərbaycan üçün ASB yalnız fürsət platforması deyil, həm də bəzi Qərb dairələrinin qərəzli iddialarına qarşı öz mövqeyini izah etmək imkanıdır. İnsan haqları və demokratik idarəçiliklə bağlı zaman-zaman səslənən tənqidlərə qarşı rəsmi Bakı bu kimi çoxtərəfli görüşlərdə cavablarını verir, qarşılıqlı maraqlar balansında əməkdaşlığın davam etdirilməsi xəttini qoruyur.

Nəqliyyat dəhlizləri və rəqəmsal infrastruktur baxımından da ASB çərçivəsində Azərbaycanın rolu artır. Bakı-Tbilisi-Qars xətti, Orta Dəhliz və gələcəkdə reallaşması gözlənilən Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın yalnız region üçün deyil, Avropa və Asiya arasında əsas körpü funksiyasını yerinə yetirdiyini göstərir. Bu reallıq ASB platformasında Azərbaycanın mövqeyini daha da möhkəmləndirir.

Sonda qeyd etmək lazımdır ki, Azərbaycan ASB ilə münasibətlərini sadəcə diplomatik əlaqə kimi deyil, eyni zamanda özünün regional və qlobal maraqlarını irəli aparmaq üçün strateji alət kimi görür. Bu platformada iştirak, Azərbaycanın postmünaqişə dövründə yeni nizam qurucusu kimi çıxış etməsi, enerji və nəqliyyat təhlükəsizliyində etibarlı tərəfdaş rolunu gücləndirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Gələcək sammitlərdə Azərbaycan səsini daha yüksəkdən eşitdirməklə, həm regional sabitlik, həm də qlobal əməkdaşlıq üçün real və etibarlı tərəfdaş olduğunu sübut etməkdə davam edir.

MTM Analtik Qrupu