Sərdar Kılıçın İrəvan səfəri: sərhədlərin açılması və yeni imkanlar - TƏHLİL

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın bu günlərdə İrəvana səfəri və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin xeyli dərəcədə irəlilədiyini göstərir. Aşkar görünür ki, Ankara Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin müsbət nəticələrini və ölkəmizin mövqeyini ciddiliklə nəzərə alır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqlar – Ermənistanın uzun illər yürütdüyü ərazi ilhaqı siyasətindən əl çəkməsi İrəvan–Ankara danışıqlarının pozitiv əsasda irəliləməsinə imkan yaradır.
Xatırladaq ki, Türkiyə 1993-cü ildə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə etiraz olaraq bu ölkə ilə sərhədlərini bağlamış, diplomatik münasibətlərin qurulmasının yalnız münaqişənin həllindən sonra mümkün ola biləcəyini bəyan etmişdi. Ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbəsi, 2023-cü ildə suverenliyimizin tam bərpası fonunda İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan savayı yolu qalmayıb.
Rəsmi Ankara dəfələrlə bəyan edib ki, yekun sülh sazişinin imzalanması və kommunikasiyaların açılması fonunda Türkiyə-Ermənistan münasibətləri yeni müstəviyə keçə bilər. Bunu qardaş ölkənin xarici işlər naziri Hakan Fidanın son açıqlamaları da bir daha təsdiq edir. O, Türkiyə ilə Ermənistan arasında münasibətlərin tam olaraq normallaşmasının Ermənistan Konstitusiyasında dəyişiklikdən asılı olmasına işarə edərək deyib: “Ermənistan və Azərbaycan arasında yekun sülh sazişi imzalanan kimi, biz də Ermənistanla münasibətləri tez bir zamanda normallaşdıracağıq”.
Türkiyə XİN rəhbərinin səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Ankara Ermənistan Konstitusiyasında dəyişiklik edilməsini, yəni Azərbaycanın ərazi bütövlüyünə qarşı əsassız iddiaların ləğvini normallaşma prosesində mühüm şərt sayır və rəsmi Bakının bununla əlaqədar tələbini dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycan və Türkiyə son illərdə region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürsələr də, Ermənistan prosesi əngəlləmək mövqeyi tutub. Bakı ilə eyni mövqeyi bölüşən rəsmi Ankara dəfələrlə bəyan edib ki, Qarabağdakı separatçı rejimin mövcudluğuna son qoyulması Cənubi Qafqazda ədavət səhifəsinin qapadılması, yekun sülh sazişinin imzalanması, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üçün əlverişli imkanlar açıb. Ermənistanın bu istiqamətdə konstruktiv mövqe nümayiş etdirməsi, xüsusilə 2025-ci ilin avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə əldə olunan razılaşmalar, bu mənada, Ankara–İrəvan danışıqlarına da müsbət təsirini göstərib.
Türkiyə və Ermənistan nümayəndələrinin görüşlərinin intensivləşməsi də məhz bu konteksdən dəyərləndirilə bilər. Son görüş zamanı xüsusi nümayəndələr – Sərdar Kılıç və Ruben Rubinyan sərhəd keçid məntəqələrinin işə salınması, Qars–Gümrü dəmir yolunun bərpası, elektrik enerjisi əlaqələrinin qurulması istiqamətində texniki işlərin sürətləndirilməsi barədə razılığa gəliblər. Bundan başqa, iki ölkə arasında mədəni əlaqələrin, elmi-akademik təcrübə mübadilələrinin genişləndirilməsi, tələbələr üçün təqaüd proqramlarının yaradılması, Ani körpüsünün bərpası və 2026-cı ildən təyyarə reyslərinin artırılması kimi məsələlər müzakirə edilib.
Göründüyü kimi, rəsmi İrəvan hazırda özünütəcrid vəziyyətinin ona həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi problemlər yarada biləcəyinin fərqindədir. Yeni reallıqlar fonunda Ermənistanın əvvəlki səhvləri təkrarlayaraq əməkdaşlıq və inteqrasiya təşəbbüslərindən imtina etməsi bu ölkə üçün daha böyük itkilərlə nəticələnə bilər. Belə ki, həm Türkiyə, həm də Azərbaycanla sərhədlərin bağlı olması Ermənistanın xarici ticarət və ixrac imkanlarını ciddi şəkildə məhdudlaşdırır, yükdaşımaları üçün alternativ marşrutları azaldır.
Bundan əlavə, Türkiyə dünyanın əsas sənaye, turizm və ticarət mərkəzlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövləti olaraq qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarıdır. Hər iki ölkə ilə münasibətlərin yaxşılaşdırılması Ermənistan üçün həm forpost durumundan, həm də dərinləşən iqtisadi çətinliklərdən xilas olmaq deməkdir. Bu baxımdan Türkiyə–Ermənistan normallaşması təkcə ikitərəfli münasibətlərin bərpası deyil, həm də regionun dayanıqlı inkişafının əsas şərtlərindən biri kimi dəyərləndirilir.
Bununla belə, münasibətlərin tam normallaşması üçün Ermənistanın Türkiyəyə qarşı müəyyən iddialardan əl çəkməsi, xüsusilə məkrli “erməni soyqırımı” iddialarına son qoyması, beynəlxalq platformalarda bununla bağlı qərəzli kampaniyaları dayandırması vacibdir. Müşahidələr göstərir ki, bu ölkənin daxilindəki revanşist-radikal qüvvələr hələ də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxırlar. Ermənistan hökumətinin binası qarşısında Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıçın İrəvana səfərinə etiraz olaraq keçirilən aksiya da bunu sübut edir. Revanşistlər Ermənistanın Türkiyəyə qarşı “soyqırımı” və digər iddialardan vaz keçməsinin, Ankaranın danışıqları xüsusi şərt əsasında aparmasının yolverilməz olduğunu iddia ediblər.
Fəqət, bu və digər iddialara rəğmən, Ermənistan rəhbərliyi və cəmiyyətinin həlledici kəsimi regionda normallaşma proseslərinin labüd, qarşısıalınmaz proses olduğunun fərqindədir.
Hazırda Türkiyə–Ermənistan münasibətlərinin bərpası prosesi Azərbaycanın maraqları ilə uzlaşdırılmış şəkildə davam etdirilir. Bu istiqamətdə atılan addımlar ümumən regionda etimad quruculuğunu gücləndirir, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına, son nəticədə uzunmüddətli sülhün təminatına zəmin yaradır.
MTM Analitik Qrupu