İrəvanın sülh planına Bakısız yaşıl işıq yoxdur - MƏQALƏ

Ermənistanın regionda iştirak etmək arzusu ilə reallıqlar arasındakı uçurum dərinləşməkdə davam edir. İrəvan hələ də anlayışla qəbul etməlidir ki, Azərbaycanın iştirakı və razılığı olmadan Cənubi Qafqazda heç bir layihə, istər sülh təşəbbüsü, istərsə də kommunikasiya bağlantısı həyata keçə bilməz. Bu, sadəcə Bakıdan deyil, artıq beynəlxalq arenadan da səslənən fikir kimi gündəmdədir.
Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ilin payızında Tbilisidə təqdim etdiyi “Sülh kəsişməsi” adlı layihə reallıqda irəliləmir və sadəcə söz olaraq qalır. Bunun əsas səbəbi odur ki, bu təşəbbüsün həyata keçməsi Azərbaycandan asılıdır. Əgər Azərbaycan razılıq vermirsə, bu layihənin reallaşması mümkün deyil. Prezident İlham Əliyev də bunu açıq şəkildə bildirib: Ermənistan bu layihəni nə qədər təbliğ etsə də, Azərbaycan olmadan onun heç bir əhəmiyyəti yoxdur.
Təəccüblü deyil ki, Ermənistanın öz təşəbbüsləri belə Bakının mövqeyindən asılı vəziyyətdədir. Ermənistan bir tərəfdən “Sülh kəsişməsi” layihəsini irəli sürür, digər tərəfdən isə 2020-ci ilin 10 noyabrında imzaladığı öhdəlikləri, o cümlədən Zəngəzur dəhlizinin açılmasını görməzdən gəlir. Halbuki Prezident Əliyevin dediyi kimi, Ermənistan rəhbərliyi həmin sənədi bir daha diqqətlə oxusa, anlayar ki, bu dəhlizin açılması həm texniki, həm də siyasi baxımdan artıq onların öhdəliyidir, vəssalam.
Bu gün bölgədə real inteqrasiyadan danışmaq üçün ilk növbədə suveren dövlətlərin öz aralarında sabit əlaqələr qurması vacibdir. Ermənistan isə hələ də həm Azərbaycanla, həm də Türkiyə ilə sülh sazişi imzalamaqdan yayınır. Bu isə onu regionun kənarında, daha doğrusu, siyasi təcrid dairəsində saxlayır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlaması da bunu təsdiqləyir – Ermənistanın təqdim etdiyi istənilən genişmiqyaslı təşəbbüs ancaq Azərbaycanla sülh müqaviləsi imzalanarsa real məzmun qazana bilər.
Ermənistanın Türkiyə ilə münasibətlərinin açarı da məhz Bakının əlindədir. Ankara bu məsələdə daim aydın mövqe nümayiş etdirib, Azərbaycanla münasibətlər normallaşmadan Ermənistanla diplomatik münasibətlərin tam bərpası mümkün deyil. Yəni İrəvan iki paytaxtla paralel işləməli, regionun geosiyasi reallığını nəzərə almalıdır. “Sülh kəsişməsi” bu kontekstdə nəinki səmərəsizdir, hətta bəzi dairələr üçün sadəcə vaxt udmaq və məsələni bulandırmaq alətidir.
Əslində isə cavab, çıxış və inkişaf istiqaməti çoxdan bəllidir: Zəngəzur dəhlizi. Bu dəhliz təkcə Azərbaycan və Türkiyənin deyil, bütöv regionun iqtisadi xəritəsini dəyişəcək gücə malikdir. Üstəlik, bu layihə artıq real icra mərhələsindədir. Azərbaycan öz ərazisində sürətlə infrastruktur işləri aparır, Türkiyə tərəfi də paralel addımlar atır. Zəngəzur dəhlizi bir zamanlar Sovet dönəmində mövcud olmuş bağlantının müasir versiyası kimi həm tarixi, həm də praktiki əsaslara söykənir.
“Sülh kəsişməsi” isə daha çox xəyali məkanda dolaşan, real iqtisadi təməldən məhrum təşəbbüsdür. Bəzi Qərb dairələrinin bu layihəyə verdiyi dəstək də onun reallaşmasına yetərli deyil. Çünki bölgədə reallıq yalnız bir cür işləyir: Bakı və Ankara olmadan heç bir siyasi və ya iqtisadi ideya Cənubi Qafqazda işə düşmür.
Bu gün Ermənistan seçim qarşısındadır. Ya Zəngəzur dəhlizinə fokuslanıb, regionla səmərəli əməkdaşlıq yolunu tutacaq, ya da “Sülh kəsişməsi” kimi layihələrlə özünü təcridə məhkum edəcək. Əslində, bu seçim artıq çoxdan edilib, sadəcə İrəvan hələ də cavabı dilə gətirməkdən çəkinir.
MTM Analitik Qrupu