Köhnə güc, yeni təzyiq: Rusiyanın Cənubi Qafqaz oyunu - TƏHLİL

Sergey Lavrovun Ermənistana səfəri Kremlin Cənubi Qafqazda hələ də nəfəs aldığını sübut etməyə yönəlmiş bir siyasi nümayiş idi. Səfər, ilk baxışda, sadəcə bir protokol hadisəsi kimi görünə bilərdi, əgər fonunda regionun geosiyasi dinamikası bu qədər sürətlə dəyişməsəydi. Ermənistan Qərbə doğru daha sürətli addımlayır, Moskva isə bu hərəkətin qarşısını almaq üçün diplomatiya adı altında "siyasi xəbərdarlıq" taktikalarını işə salır.
Lavrov İrəvana “biz hələ buradayıq” mesajı ilə gəldi. Ermənistanın KTMT-dən faktiki olaraq uzaq durması, NATO ilə təmaslarını artırması və Qərblə strateji tərəfdaşlığa daha yaxın durması göstərir ki, Moskva üçün qapılar tədricən bağlanır. Lavrov bu qapıları aralı saxlamaq üçün “Ermənistanın təhlükəsizliyi Rusiyasız mümkün deyil” tipli köhnəlmiş arqumentlərini təkrar etməli oldu. Lakin bu dəfə bu sözlər nə Paşinyan hökumətində, nə də erməni cəmiyyətində əvvəlki kimi qarşılıq tapmadı.
Səfərin “psixoloji diplomatiyası” da maraqlıdır. Lavrovun “biz tarix boyu sizin yanınızda olmuşuq” kimi ritorikası açıq şəkildə Ermənistan hakimiyyətindən çox, erməni cəmiyyətinə yönəlmişdi. Sanki deyirdi: “Paşinyana inanmayın, Qərb sizə nə sülh verir, nə də təhlükəsizlik. Amma biz qədim dostunuz buradayıq”.
Bu, artıq diplomatiya yox, siyasi nostalji idi. Sülh prosesi məsələsində isə Lavrovun mesajları daha çox ikibaşlı idi. Bir tərəfdən “status məsələsi gündəmdə deyil” deyib Azərbaycanın suverenliyinə jest etdi, digər tərəfdən isə “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi” anlayışını ortaya ataraq, gələcəkdə bu “hüquqların pozulması” bəhanəsi ilə müdaxilə imkanlarını qorumağa çalışdı. Klassik Kreml yanaşması.
Lavrovun “sülh müqaviləsində hələ razılaşdırılmamış çox məsələ var” deməsi isə daha çox Rusiya olmadan sülh sənədinin bağlanmasını ləngitmək üçün bir siqnaldır. Bu, “mən yoxamsa, masa da yoxdur” deyiminin diplomatik variantıdır. Moskva başa düşür ki, Bakı ilə İrəvan arasında Rusiya iştirakı olmadan əldə olunacaq razılaşma, Kremlin bölgədəki geosiyasi çəkisini ciddi şəkildə azalda bilər və Lavrov bu prosesi ya öz orbitinə çəkməyə, ya da ən azı onu ləngitməyə çalışır.
Amma bu dəfə Rusiya cəmiyyətin dəstəyi ilə yox, daha çox təcridə alınmış bir diplomatik oyunçu kimi çıxış edir. İrəvanda Lavrovu nə kütlə qarşıladı, nə də siyasi ehtiras. Sadəcə minimum diplomatik çərçivə, minimum jestlər. Paşinyan isə Rusiya ilə tam üzülüşmədən Qərbə yaxınlaşaraq öz oyununu oynayır.
Bütün bu səhnənin fonunda isə bir həqiqət daha da qabarır, region dəyişir, yeni reallıqlar formalaşır. Ermənistan və Azərbaycan arasında Rusiya olmadan gedən danışıqlar bu reallığın ilk simptomlarıdır. Lavrovun səfəri isə keçmişin kölgəsində qalan bir gücün son cəhdlərindən biri kimi görünür.
MTM Analitik Qrupu