Dünən

Ermənistanda elektrik enerjisi böhranı - ŞƏRH

Ermənistanda “Ermənistan Elektrik Şəbəkəsi” ilə bağlı qalmaqal getdikcə daha da böyüyür. Məlum olub ki, Stokholm Arbitraj Məhkəməsinin Ermənistana şirkətlə bağlı məcburi tələblər qoyan qərarından sonra da hökumət təyin etdiyi müvəqqəti inzibatçını şirkətdən uzaqlaşdırmamaqda israrlı olmaqda davam edir. Hakimiyyət nümayəndələri absurd arqumentlər gətirərək bildirirlər ki, qərardadın müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarın məqsədləri və onun görəcəyi tədbirlərin miqyası ilə heç bir əlaqəsi yoxdur. Absurdluğun davamı isə hökumətin dünən dediyini bu gün təkzib etməsindədir. Məsələn, Stokholm qərarına qədər menecerin şirkətin milliləşdirilməsi üçün təyin edildiyi deyilirdisə, bu gün deyilir ki, qəsdən enerji böhranı yaratmaq risklərinin qarşısını almaq, dövlət təhlükəsizliyinə potensial təhdidləri aradan qaldırmaq üçün təyin edilib.

Maraqlıdır ki, artıq ortada gəzən söhbətə görə, yaxın aylarda Ermənistanda elektrik enerjisi tariflərinin artacağını ehtimal etmək olar. Qeyd edək ki, sonuncu dəfə elektrik enerjisi tarifləri 3 il əvvəl artırılıb. 2022-ci il fevralın 1-dən əhali üçün tarif orta hesabla 4,7 dram artırılıb. 200 kilovata qədər tarif gündüz 46,48 dram, gecə isə 36,48 dram olub. 200 kilovatdan artıq istehlak zamanı tarif gündüz 48,48 dram, gecə isə 38,48 dram olaraq hesablanıb. Bu artımların səbəbi isə Nikol Paşinyan və komandasının yarıtmaz fəaliyyətidir. Məsələn, 2020-ci ilə qədər İran-Ermənistan yüksək gərginlikli elektrik xəttinin tikintisi başa çatmalı, istifadəyə verilməli idi. Bu, İrana elektrik enerjisi ixracını mümkün edə bilərdi. Belə bir vəziyyət digər stansiyaların inkişafına, ölkə büdcəsinə əlavə vəsaitin daxil olmasına səbəb ola bilərdi. Amma iş yarımçıq qaldı, hökumət generasiya stansiyası qarşısında öhdəliyini yerinə yetirə bilmədi. Müqavilə bağlanmış şirkətə dəyən zərəri ödəmək üçün isə elektrik enerjisinin tarifini artırdılar. Bu, hər il istehlakçılara 32 milyon dollara başa gəlir.

İran-Ermənistan yüksək gərginlikli elektrik xətti ən azı 5 il əvvəl istifadəyə verilməli idi ki, bunun sayəsində Ermənistanın enerji təhlükəsizliyi nəinki artmalı, həm də ölkəyə fayda verməli idi. İndiyədək işlərin cəmi 80 faizi görülüb.

Elektrik enerjisinin bahalaşmasının səbəblərindən biri də hökumətin AES-in istismar müddətinin uzadılması qrafikini pozması və cəlb olunan vəsaitlərə xidmət baxımından problemlər yaratması olub. Tariflərə əlavə təzyiq yaradaraq AES-in texniki cəhətdən yenidən təchiz edilməsi üçün nəzərdə tutulan müddətləri də gecikdirdilər.

Hökumətin və Milli Elektrik Şirkətinin nəzarətində olan Ermənistan-Gürcüstan yüksək gərginlikli xəttinin çəkilişindən danışmaq belə mənasızdır. İndiyədək heç bir iş aparılmayıb. Sələflərin gördüyü işlər də ləğv edilib.

Göründüyü kimi, Ermənistan artıq enerji böhranı ilə üz-üzədir. Qış aylarında bu problemin daha ciddi şəkildə kəskinləşməsi gözlənilir. Çünki erməni mediasında yayılan xəbərlərə görə, artıq bir neçə gündür yüzlərlə kəndə işıq verilmir.

Hikmət Həsənov

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?