Politoloq: “Ermənistan Qərb və Rusiya arasında manevr edir” - RƏY

Ermənistan siyasi rəhbərliyi bir tərəfdən sülh gündəmini dilə gətirir, digər tərəfdən isə kommunikasiyaların açılması məsələsində qeyri-müəyyən mövqe sərgiləyir.
Bunu təhlil.az saytına açıqlamasında “Xəzər Məkan Analizi Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadəyə deyib.
O bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Prezident İlham Əliyevin mövqeyi qəti və aydındır: "Bu dəhlizin idarəçiliyi Azərbaycanın suveren hüququdur və burada üçüncü tərəfin iştirakı nəzərdə tutulmur".
Politoloqun sözlərinə görə, Ermənistan isə fərqli oyun qurmağa çalışır: “Erməni tərəfi Zəngəzur dəhlizinin öz hissəsini demək olar ki, satışa çıxarıb, autsorsinqdən danışır, Amerika şirkətlərini dəvət etməyə hazır olduqlarını bildirir. Paralel olaraq Rusiya ilə də dəmir yolu şəbəkəsi üzrə danışıqlar aparırlar. Bu isə Paşinyanın Qərblə Moskva arasında manevr etdiyini göstərir”.
İ. Vəlizadənin fikrincə, Ermənistan Zəngəzur məsələsində yekun qərar qəbul etməyib və bu, İrəvanın siyasi ikililiyinin göstəricisidir:
"Ermənistan həm Qərbin, həm də Rusiyanın maraqlarını eyni anda razı salmağa çalışır və nəticədə öz suveren qərarvermə imkanlarını daha da zəiflədir".
Ekspert Altaya səfərin də təsadüfi olmadığını düşünür:
“Bu səfər göstərdi ki, Ermənistan Moskva ilə münasibətləri tam qoparmaq istəmir. Əksinə, iqtisadi əməkdaşlığı canlandırmaq niyyətindədir. Amma siyasi ziddiyyətlər qalır və yaxın gələcəkdə daha da kəskinləşə bilər”.
O qeyd edib ki, İrəvan Karapetyanın “Vardanyan 2.0 layihəsi”nə çevriləcəyindən qorxur:
“Paşinyan bilir ki, bu cür fiqurlar Kremlin dəstəyindən yararlana bilər. O, Vardanyan məsələsindəki uğursuzluqdan dərs çıxarıb və indi ehtiyatlı davranır”.
Sonda politoloq əlavə edib ki, Ermənistanın ziddiyyətli siyasəti onun uzun müddət suverenlik problemi yaşaması ilə bağlıdır:
“İndi də bu təsirdən qurtulmaq əvəzinə, İrəvan yenidən xarici oyunçuların maraqları arasında yol axtarır”.
Rasim Babayev