ABF Avropa çempionatında yaşanan qalmaqala aydınlıq gətirib

Azərbaycan Boks Federasiyası (ABF) Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında Yusif Ağakişiyevlə (75 kq) Viktor Maystroviçin final görüşündə texniki direktor Hamza Avezovla bağlı yaşanan qalmaqala aydınlıq gətirib.
Təhlil.az bu barədə ABF-in mətbuat xidmətinin məlumatına istinadla xəbər verir.
İdman etikasına uyğun hərəkət etmədiyinə görə H.Avezovla bağlı ABF-nin təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilib.
Sözügedən döyüşdə şimali makedoniyalı hakim Stefan Subalevskinin qərəzli yanaşaraq, şəxsi maraqlarını üstün tutaraq, saxtakarlıq edərək boksçumuzun təmiz qələbəsini əlindən aldığı və onu çempionluqdan məhrum etdiyi qeyd olunub.
ABF hakim barədə tədbir görülməsi üçün də aidiyyəti beynəlxalq təşkilata müraciət ünvanlayacaq.
Qeyd edək ki, Hamza Avezov rinqə daxil olaraq hakimə fiziki təsir göstərmişdi.