12 iyul

Ermənistan sənayesi tənəzzülün astanasında - ARAŞDIRMA

Ermənistan iqtisadiyyatı artıq ciddi problemlərlə üzləşmək ərəfəsindədir. Bir sıra sahələr sırf Rusiya və İranla münasibətlərdən asılı olduğu üçün adi bir problem yarananda bu sahələr tənəzzülə doğru sürətlə hərəkət edir. Artıq sənaye sahəsində azalma ikirəqəmli həddə çatıb. Bu, ölkə iqtisadiyyatı və sənayesi üçün həyəcan siqnalı deməkdir.

Təkcə cari ilin yanvar-may aralığında sənaye istehsalında azalma 14,1 faiz təşkil edib. Ötən ilin anoloji dövrü ilə müqayisədə azalma bir qədər yavaşlasa da, Ermənistan sənayesi tənəzzül vəziyyətində olmaqda davam edir. Qeyd etmək yerinə düşər ki, ötən ilin ilk 5 ayında bu azalma 17,1 faiz təşkil edib.

Əvvəlcə bildirək ki, azalmanın səbəbi xarici amillər, yəni qızılın təkrar ixracının ləğv edilməsidir. Təsadüfi deyil ki, zərgərlik və qeyri-qiymətli metalların istehsalında 70%-dən çox azalma qeydə alınıb. Əslində Ermənistanın makroiqtisadi statistikasının hazırki vəziyyəti baza təsirlərinin nəticəsini əks etdirir. Bu, həm iqtisadi aktivlik indeksinin yüksəlişinin sürətlənməsi, həm də digər sahələrdə artım və sənayedə azalma ilə bağlıdır. Odur ki, sənayedəki cari tənəzzülü yalnız son dərəcə mənfi proseslərlə əlaqələndirmək tələskənlik sayıla bilər, lakin bu, narahat olmaq üçün heç bir əsasın olmadığı anlamına gəlmir. Ənənəvi olaraq ixrac edilən içkilər kimi məhsulların istehsal həcminin azalması narahatlıq doğurur. Bu sahədə ciddi, yəni 13,2 faiz azalma müşahidə edilir. Bəs bunun səbəbi nədir? Məsələ burasındadır ki, içki ixracı ilə bağlı problemlər çoxdan mövcuddur və ixracla istehsal bir-biri ilə bağlıdır. Ona görə də burada mənfi tendensiyalar müşahidə olunur. Bu, əsasən Yuxarı Lars keçidində yaranan problemlərdən qaynaqlanır. Uzun müddətdir Rusiya ilə münasibətlərini korlayan Ermənistan bir çox hallarda Lars keçidində ciddi çətinliklərlə üzləşir. Moskvanın göstərişi ilə müxtəlif bəhanələrlə erməni yük maşınları həftələrlə gözləməyə məcbur qalır. Bu isə yerli sahibkarların cibinə ciddi şəkildə ziyan vurur. Rusiya Ermənistanı cəzalandırmaq üçün tez-tez Larsdakı təzyiq rıçaqından istifadə edir. Nəticədə bəzən yüzlərlə, minlərlə yük maşını uzun müddət sərhədi keçmək üçün gözləmək məcburiyyətində qalır. Anoloji problem bir müddət əvvəl Gürcüstan sərhəd keçid məntəqəsində də yaranmışdı. Bir neçə həftə erməni konyakını ölkəyə buraxmayan gürcü hökuməti sonradan ikitərəfli danışıqlar nəticəsində problemi aradan qaldırıb. Bu tip hallar isə Ermənistan iqtisadiyyatına ciddi ziyan vurur.

Ərzaq istehsalı 4,8% artıb. Lakin bunun müvəqqəti, fundamental proses olub-olmadığını və ya eyni əsas təsirdən qaynaqlandığını anlamaq üçün daha uzun müddətə ehtiyac var.

Eyni zamanda Ermənistan iqtisadiyyatının real sektorunda da ziddiyyətli proseslər gedir. Məsələn, tikinti sektorunda aktiv artım qeydə alınsa da, daşınmaz əmlak alqı-satqı əməliyyatlarının sayı azalıb. Qeyd edək ki, tikinti sektorunda cari ilin ilk beş ayında artım 17,1 faiz təşkil edib. Bir vaxtlar bunun üçün əsas stimul olan ipoteka kreditləri üzrə gəlir vergisinin geri qaytarılmasının getdikcə azaldığı bir vaxtda tikintinin artması da narahatlıq doğurur. İlk baxışdan bu, real sektorda ziddiyyətli inkişafdır və onun sonrakı gedişatı, heç olmasa, izlənməlidir.

Əlavə olaraq, söyləmək olar ki, həftə ərzində ermənistanda sıxılmış qaz qiyməti 20-30 faiz artıb. Yəni qiymətlər 120 dramdan 150-160 drama qalxıb. Bu da sürücüləri çətin vəziyyətə salıb. Yanacaqdoldurma məntəqələrində qiymət artımına səbəb Gürcüstanın GEZi gömrük terminalındakı vəziyyət olub. Nəticədə maye qazla dolu 120 çən Ermənistana keçə bilməyib.
Nazir Gevork Papoyanın Gürcüstana səfərinə baxmayaraq, Ermənistandan Gürcüstan ərazisindən keçməklə və əks istiqamətdə yüklərin tranziti problemi həllini tapmayıb. Bəzi gürcü gömrükçüləri müəyyən rüşvət müqabilində (1500 dollardan 2000 dollara qədər) yük maşınlarını buraxmağa razılaşırlar.

Bu tip hallar isə Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətindən xəbər verir.

Hikmət Həsənov

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?