Bu gün

İlqar Vəlizadə: “Əbu-Dabi görüşü sülh prosesinə yeni nəfəsdir” - RƏY

“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə planlaşdırılan görüş çox mühüm hadisədir”

Bu fikirləri təhlil.az saytına açıqlamasında Xəzər Regional Təhlil Mərkəzinin rəhbəri, politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, bu görüş müəyyən fasiləyə baxmayaraq, iki ölkə arasında dialoqun ən yüksək səviyyədə davam etdiyini nümayiş etdirir və tərəflərin razılaşdırılmış qərarlarla bu görüşə getdiyini göstərir.

Politoloqun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində dövlət başçılarının görüşündə bir neçə məsələ müzakirə olunacaq: “Çox güman ki, tərəflər bu görüşə hazırlaşırdılar, gündəliyə konkret məsələlər daxildir. Xüsusən də kommunikasiyaların blokdan açılması ilə bağlı mövzular görüşün gündəliyində əsas yer tutacaq və təbii ki, sülh müqaviləsinin imzalanması şərtləri ilə bağlı məsələlər olacaq”.

İ. Vəlizadə vurğulayıb ki, tərəflər, həmçinin Ermənistanın Konstitusiyasına dəyişikliklərlə bağlı Azərbaycanın tələblərini nə vaxt və hansı şəraitdə yerinə yetirmək niyyətində olması, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələləri də müzakirə edəcəklər.

“Eyni zamanda çox mühüm bir məqamı da qeyd etmək lazımdır ki, bu görüş ilk dəfədir ki, ABŞ-də deyil, Rusiyada deyil, Avropada deyil, Asiya ölkələrindən birində keçirilir. Fars körfəzi ölkəsi BƏƏ-də keçirilir. Bakı və İrəvanın BƏƏ ilə çox yaxşı münasibətləri var. Azərbaycan BƏƏ-nin strateji tərəfdaşıdır və İrəvan üçün bu ölkə ən mühüm ticarət və iqtisadi tərəfdaşlardan biridir. Bu dövlət Ermənistanın ən azı beş əsas ticarət və iqtisadi tərəfdaşından biridir və ölkələr arasında siyasi səviyyədə ardıcıl dialoq mövcuddur. Bu, müsəlman dünyasında İrandan başqa, təbii ki, Ermənistanın kifayət qədər aktiv dialoq apardığı nadir ölkələrdən biridir.

Ona görə də belə görünür ki, BƏƏ bir platforma kimi özünü doğruldacaq, çünki bu region Azərbaycan və Ermənistana Brüssel, Moskva və ya Vaşinqtondan qat-qat yaxındır.

Ona görə də düşünürəm ki, görüş çox məhsuldar və səmərəli olacaq. Bu barədə artıq danışmaq olar, çünki görüşün baş tutmasının özü artıq nəticədir, çünki tərəflər substantiv dialoq aparmaq üçün razılığa gəliblər”, - deyə politoloq əlavə edib.

Rasim Babayev 

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?