Ekspert: “Əbu-Dabi danışıqları yeni mərhələnin başlanğıcıdır” - AÇIQLAMA

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə gözlənilən görüş danışıqlar prosesində yeni mərhələdir və biz onun inkişafını diqqətlə izləməli olacağıq.
Bu barədə təhlil.az saytına açıqlamasında Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru, Valday Diskussiya Klubunun eksperti Fərhad Məmmədov deyib.
“Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyindən söhbət getmir. Söhbət BƏƏ-nin kifayət qədər təcrübəyə malik olduğu danışıqlar üçün neytral platformanın təmin edilməsindən gedir. Əbu-Dabi tez-tez Rusiya və Ukrayna arasında, eləcə də Yaxın Şərq problemlərinə dair humanitar danışıqlara ev sahibliyi edib. Əbu-Dabinin Moskva, Vaşinqton və ya Brüsseli qıcıqlandırmaması vacibdir. Bu şəhərdə Azərbaycan ətrafında heç bir geosiyasi rəqabət yoxdur və bu səbəbdən seçimi praqmatik və balanslı hesab etmək olar”- deyə o, qeyd edib.
Məmmədovun sözlərinə görə, bu görüşün mühüm fərqi onun formasında olacaq.
“Əvvəllər Azərbaycan və Ermənistan liderləri ya birbaşa beynəlxalq tədbirlər çərçivəsində, ya da yüksək rütbəli siyasətçilərin - Rusiya prezidentinin və ya Aİ Şurasının sədrinin vasitəçiliyi ilə əlaqə saxlayıblar. Belə görüşlərdə ünsiyyət üçün vaxt həmişə məhdud olur. İndi görürük ki, hər iki tərəf yalnız ikitərəfli görüş üçün Əbu-Dabiyə uçur. Bu, niyyətlərin ciddiliyini və bütün gündəliyin hərtərəfli müzakirəsinə hazır olduğunu nümayiş etdirir” - deyə, ekspert qeyd edib.
Rasim Babayev