“Erməni kilsəsi siyasətə çevrilib” – bolqar eksperti İrəvanı tənqid edir - RƏY

“Erməni kilsəsi və diasporu erməni millətçiliyinin və müvafiq olaraq erməni ekstremizminin təhrikçiləridir”.
Bu fikirləri təhlil.az saytına açıqlamasında bolqar siyasi ekspert, Təhlükəsizlik və İqtisadiyyat Ali Məktəbinin Qara dəniz və Xəzəryanı regionların problemləri laboratoriyasının müdiri Teodor Deçev deyib.
Ekspert hesab edir ki, Ermənistanın inkişafına ən böyük əngəl erməni millətçiliyidir:
“Erməni cəmiyyətinin və dövlətinin əsas problemi məhz millətçiliyin yanlış istiqamətdə inkişafıdır. Ola bilsin ki, bu ideologiya bir vaxtlar faydalı olub, amma indi o, Ermənistan üçün zərərlidir”.
Onun fikrincə, bu zərərli ideoloji təzyiq Ermənistan rəhbərliyinin qonşularla – xüsusən Azərbaycanla – praqmatik və rasional münasibətlər qurmasına mane olur.
O qeyd edir ki, Ermənistan rəhbərliyi sülh təşəbbüsünə görə devrilməkdən qorxur:
“Levon Ter-Petrosyanın vaxtında Azərbaycanla sülh sazişi bağlanmalı idi. Əgər o dövrdə bu baş versəydi, indiki şərtlərlə müqayisədə daha əlverişli olardı. Amma o, millətçi qüvvələrin təzyiqi ilə devrildi”.
Deçev bildirib ki, erməni millətçiliyinin əsas aparıcı qüvvəsi Apostol Kilsəsidir:
“Kilsə millətçiliyi qızışdırmaqla Ermənistanda daxili sabitliyi pozur. Baqrat Qalstanyanın küçə aksiyalarında lider kimi çıxış etməsi təsadüfi deyil.”
Ekspertin sözlərinə görə, erməni diasporu da bu prosesin ikinci əsas təhrikçisidir:
“Fransa, ABŞ və digər ölkələrdə yaşayan ermənilər Avropasayağı rahat həyat sürür, amma Cənubi Qafqazdakı soydaşlarına patriotizm dərsi keçirlər. Parisdə oturub ‘təslim olma, cəbhəni qoru’ demək asandır, amma bu dəstəyin necə və nə zaman veriləcəyi məlum deyil”.
Bolqar ekspert Ermənistanda hazırkı siyasi modelin oxlokratiya, yəni kütlə hakimiyyəti olduğunu deyir:
“Paşinyan bu sistemdə çox bacarıqlı şəkildə hərəkət edir. O, xalqın emosiyalarını yönləndirərək dövləti idarə edir. Bu, rasional idarəçilikdən çox uzaqdır, amma Ermənistanın reallığı budur”.
Rasim Babayev