İranın XİN başçısı ilə Səudiyyə Ərəbistanının şahzadəsi regional təhlükəsizliyi müzakirə etdilər

İranın xarici işlər naziri Abbas Əraqçi və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında İrana qarşı hərbi təcavüz fonunda ikitərəfli əməkdaşlığın perspektivləri və regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə addımlar müzakirə olunub.
Təhlil.az xəbər verir ki, İranın xarici işlər naziri Tehranın Səudiyyə Ərəbistanı və digər qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı maraqlar əsasında əlaqələrin gücləndirilməsinə sadiq olduğunu vurğulayıb, İranın iqtisadiyyat və ticarətdən tutmuş mədəni mübadilələrə qədər müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırolduğunu təsdiqləyib.
Əraqçi Səudiyyə Ərəbistanının İrana qarşı hərbi təcavüzü pisləməkdə göstərdiyi məsuliyyətli mövqeyinə görə minnətdarlığını bildirib və "İsraillə ABŞ-nin cinayətkar hərbi hücumlarından" sonra Tehranın regional təhlükəsizliklə bağlı baxışını açıqlayıb.
Öz növbəsində Səudiyyə Ərəbistanının Vəliəhdi iki böyük islam dövləti arasında qarşılıqlı anlaşma və əməkdaşlığın getdikcə artmasından məmnunluğunu ifadə edərək, krallığın rəhbərliyinin bu kursu davam etdirmək və bütün istiqamətlərdə əlaqələri genişləndirmək niyyətində olduğunu vurğulayıb.