Fransa niyə kənarda qaldı, Bakı niyə oyunun içindədir? - TƏHLİL

Cənubi Qafqazda artıq heç nə əvvəlki kimi deyil. Münaqişə və qeyri-sabitliklə yadda qalan bir regionda indi lider ölkə obrazı təkcə konturlarla deyil, konkret nəticələrlə cızılır. Bu lider isə şübhəsiz ki, Azərbaycandır.
İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqlar sadəcə xəritədə deyil, həm də güc balansında Azərbaycanı ön plana çıxardı. Yəni bu gün Bakı diktə edir, başqaları qulaq asır. Bu təkcə hərbi qələbə ilə deyil, düşünülmüş və ardıcıl siyasətlə bağlıdır. Enerji resursları, nəqliyyat dəhlizləri, diplomatik uğurlar və modern ordu – bunların hamısı Azərbaycanın dominant rolunu təsdiqləyən sütunlardır.
Azərbaycan neft və qazla başladığı enerji diplomatiyasını bu gün yaşıl enerji ilə davam etdirir. Bəli, bir vaxtlar yalnız xammal ixrac edən ölkə indi külək və günəş enerjisi sahəsində də söz sahibi olmağa doğru gedir. Cənub Qaz Dəhlizi kimi layihələrlə Avropaya nəfəs verən ölkə indi öz alternativ enerjisiylə də eyni missiyanı hədəfləyir.
Amma Azərbaycanın gücü təkcə yeraltında axtarılmamalıdır. Yerüstü aktivlər – strateji mövqeyi, Bakı-Tbilisi-Ceyhan, Orta Dəhliz, Bakı Limanı və logistika mərkəzləri – Azərbaycanın Avrasiya ticarətində əsas oyunçuya çevrilməsində həlledici rol oynayır. Yəni bu ölkə nəinki enerji daşıyıcısıdır, eyni zamanda yol göstərən bir logistik qovşaqdır.
Təbii ki, bu qədər siyasi, iqtisadi və geosiyasi yükü daşıyan ölkənin xarici siyasəti də sadə olmamalıdır. Azərbaycan bu yükün öhdəsindən çoxvektorlu diplomatiya ilə gəlir – həm Rusiya, həm Türkiyə, həm də Aİ və ABŞ ilə eyni anda balansı qoruyaraq. Elə bu çeviklikdir ki, Azərbaycanın beynəlxalq aləmdə hörmətini daha da artırır.
Bu prosesin hərbi fonu da var. Modernləşmiş Silahlı Qüvvələr, yüksək texnologiyalı hərbi təchizat və 2020-ci il Zəfəri Azərbaycanın təhlükəsizliyini təkcə daxildə yox, həm də region miqyasında təmin etdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu qələbəni “dünyada misli olmayan tam qələbə” adlandırır. Dünya tarixində bir dövlətin 44 günə 30 illik işğala son qoyması və bunu özü etməsi hər ölkənin imza atacağı səhifə deyil.
İndi isə Azərbaycan bu hərbi gücü “yumşaq güclə” tamamlayır. Bakı Humanitar Forumu, Formula 1, Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Yəni Azərbaycan təkcə hərb meydanında yox, eyni zamanda ideya və mədəniyyət müstəvisində də qələbə qazanır.
Fransa nümunəsi də göstərdi ki, bölgədə Azərbaycanın iradəsinə qarşı çıxanlar ya prosesdən kənarda qalır, ya da oyunu uduzur. Paris Cənubi Qafqaz siyasətində səhv etdikcə, Bakı öz mövqeyini daha da gücləndirir. Eyni reallığı Ermənistan da dərk etməlidir. Sülh müqaviləsi nə qədər tez imzalansa, bir o qədər yaxşı. Əks halda bu regionda səhvlərin bədəlini artıq kimsə bölüşmək istəmir.
Cənubi Qafqazda yeni oyun qurulub. Qaydaları isə artıq Azərbaycan yazır.
TƏHLİL ANALİTİK QRUP