Rəşt–Astara dəmir yolu müqaviləsi iki həftəyə imzalanacaq

Rəşt–Astara dəmir yolu layihəsinin icra müqaviləsinin 1–2 həftə ərzində imzalanması planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.
Nazir layihə çərçivəsində irəliləyişlərin əldə olunduğunu qeyd edib.
Onun sözlərinə görə, torpaq sahələrinin alışı ilə paralel şəkildə maliyyə və hüquqi məsələlər də həll olunur. Nazir vurğulayıb ki, 1,6 milyard avro dəyərində olan layihə üzrə İranın 15 faiz ödəniş etməsi əvvəlki şərt olsa da, bu öhdəliyin yerinə yetirilməsinin mümkün olmadığı Rusiya tərəfindən qəbul edilib.
Fərzanə Sadiq əlavə edib ki, icra müqaviləsinin detalları hazırlanır və yaxın bir ay ərzində yekunlaşacaq:
“Hüquqi məsələlərlə bağlı cüzi gecikmələrə baxmayaraq, müqavilənin imzalanması üçün Rusiyaya səfər 1–2 həftə ərzində planlaşdırılır”.
Nazir həmçinin qeyd edib ki, texniki işlərin paralel şəkildə başlanması dəmir yolunun tikintisini əhəmiyyətli dərəcədə sürətləndirəcək.