Bu gün

Ermənistan Avropanın nüvə artıqlarının məskəninə çevrilir? - MƏQALƏ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropaya inteqrasiya siyasəti ilk baxışda “modernləşmə” və “islahat” xətti kimi təqdim olunsa da, onun nəticələri getdikcə ziddiyyətli xarakter alır. Rusiya ilə münasibətlərin gərginləşməsi, iqtisadi asılılığın dərinləşməsi və Qərb layihələrinin artması ölkəni həm siyasi, həm də ekoloji risklər qarşısında qoyur. Xüsusilə son aylarda Fransanın Ermənistanda nüvə tullantılarının yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar bu təhlükələrin miqyasını daha da artırır.

Paşinyanın Avropa yönümlü siyasəti İrəvan–Moskva münasibətlərində ciddi soyuqluğa səbəb olub. Rusiya tərəfi Yuxarı Lars keçid məntəqəsini bağlamaqla yanaşı, Ermənistan istehsalı olan bir çox məhsulda uyğunsuzluqlar aşkar etdiyini bəyan edib. Bu, ticarət dövriyyəsinə və fermer təsərrüfatlarına ciddi zərbə vurub. Eyni zamanda, Ermənistanın Rusiyadan uzaqlaşması enerji və logistika sahəsində yeni asılılıqlar yaradıb – İrəvan indi Qərb fondlarının və Avropa layihələrinin maliyyə şərtlərindən birbaşa təsirlənir. Bu isə ölkə iqtisadiyyatını qeyri-sabit vəziyyətə salır.

Ermənistanın Qərblə əməkdaşlığının ən mübahisəli tərəfi ekoloji təhlükələrlə bağlıdır. ABŞ tərəfindən maliyyələşdirilən biolaboratoriyaların əksəriyyətinin məktəb və uşaq bağçaları yaxınlığında yerləşməsi artıq cəmiyyətdə narazılıq doğurur. Daha da narahatedici məqam – Fransanın “Courrier France 24” nəşrinin yaydığı məlumata əsasən, Orano şirkətinin nüvə tullantılarının Ermənistana daşınması layihəsidir. Rəsmi İrəvan bu xəbəri təkzib etsə də, məlumatın ardınca səslənən siqnallar narahatlığı artırır.

Ən riskli detal tullantıların basdırılması üçün seçilən ərazinin YUNESKO tərəfindən qorunan nadir təbiət məkanı – Dilican Biosfer Qoruğu olmasıdır. Bu ərazi həm nadir flora və faunanın yaşayış məkanı, həm də Cənubi Qafqazın mühüm ekoloji zonasıdır. Belə həssas ekosistemə radioaktiv materialların yerləşdirilməsi təkcə Ermənistan üçün deyil, regionun bütün ekoloji balansı üçün təhlükə yaradır. Mənzərəli Tavuş bölgəsinin radioaktiv tullantılar məzarlığına çevrilməsi Cənubi Qafqazın ekosisteminə geri dönməz zərbə vura bilər.

Ekoloji risklər maliyyə manipulyasiyaları ilə müşayiət olunur. Eyni mənbəyə əsasən, Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi “Mənim Addımım” fonduna hər biri 800 min avro dəyərində iki iri ianə edilib. Bu ianələrin Baş nazirin Paris səfəri və nüvə tullantıları barədə xəbərlərlə eyni vaxta təsadüf etməsi şəffaflıq məsələsini daha da qaranlıqlaşdırır. Bununla yanaşı, Fransa şirkəti “Framatome”un Metsamor Atom Elektrik Stansiyasına səfərləri və yeni enerji blokunun tikintisi ilə bağlı danışıqlar da göstərir ki, İrəvan–Fransa əməkdaşlığı sırf “yaşıl enerji” deyil, nüvə resurslarının nəzarəti ilə bağlıdır. Ermənistanın 100–140 min tonluq uran-torium filizi ehtiyatlarını nəzərə alsaq, bu əməkdaşlıq sadəcə texniki deyil, strateji mahiyyət daşıyır.

Paşinyan hökumətinin Qərbə meyilli siyasəti Ermənistanı tədricən ekoloji və siyasi asılılıq zonasına çevirir. Fransanın nüvə maraqları, ABŞ biolaboratoriyaları və Avropa fondlarının maliyyə şərtləri nəticə etibarilə Ermənistanın suveren qərarvermə imkanlarını məhdudlaşdırır. Ən ciddi təhlükə isə bu prosesin region səviyyəsində yaratdığı ekoloji risklərdir. Dilican qoruğu Azərbaycanla sərhəddə yerləşdiyindən, radioaktiv tullantıların sızması halında zərər Cənubi Qafqazın bütöv ekosisteminə təsir göstərə bilər.

Bu vəziyyətdə Paşinyan hökumətinin ən azı iki məsuliyyəti var: nüvə təhlükəsizliyi və ekoloji şəffaflıq prinsiplərinə əməl etmək, həmçinin region xalqlarının maraqlarını nəzərə almaq. Əks halda, Ermənistan Avropa ilə yaxınlaşma xətti ilə sülh və inkişaf deyil, nüvə tullantılarının məskəninə çevrilmə riski ilə üz-üzə qalacaq.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?