Bu gün

Türkmən qazı Avropaya Bakı üzərindən gedəcək – Transxəzər layihəsi canlanır - TƏHLİL

Mərkəzi Asiyanın malik olduğu enerji resursların daha çox həcmdə dünya bazarlarına çıxarılması bu gün sözügedən regionda yerləşən ölkələrin özləri ilə yanaşı, Avropa və ABŞ-də də xüsusi diqqət mərkəzində yer alır. Xüsusən də Qazaxıstan və Türkmənistan kimi enerji baxımından zəngin ölkələr öz karbohidrogen ehtiyatlarını Avropa və dünya bazarlarına çatdırmaq üçün sabit tranzit yollarına böyük maraq göstərirlər. Məhz bu kontekstdə Azərbaycanın tranzit ölkə kimi rolu getdikcə daha böyük əhəmiyyət qazanır. Azərbaycanın Mərkəzi Asiya ilə dərinləşən əlaqələri bu müstəvidə əlavə imkanlar yaradır, yeni fürsətlər pəncərəsi açır.

Ümumiyyətlə, ölkəmizin xarici siyasətində ən böyük uğurlarından biri də Cənubi Qafqaz və Mərkəzi Asiyanın biri-birinə daha çox inteqrasiya etməsinə nail olmasıdır. Bununla bağlı Prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevla mətbuata səsləndirdiyi birgə bəyanatında qeyd edib: “Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir”.

Hazırda görülən işlər çərçivəsində Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılan enerji resurslarının miqdarı sürətlə artır. Bu fonda Qazaxıstan Azərbaycan üzərindən ixrac etdiyi neftin miqdarının bir neçə dəfə artımında maraqlı olduğunu ən yüksək səviyyədə bəyan edir. Bundan başqa, Mərkəzi Asiyada hasil olunan yaşıl enerjinin Azərbaycandan keçməklə Avropaya nəqli də əsas müzakirə predmetlərindən biridir və qeyd olunan istiqamətdə zəruri addımlar atılır. İndi diqqət mərkəzinə gələn başlıca məsələlərdən biri də Türkmənistan qazının Azərbaycan vasitəsilə dünya bazarlarına çıxarılmasıdır. Söhbət konkret olaraq yenə Transxəzər qaz kəmərinin çəkilişindən gedir. Bununla bağlı ideya 1990-cı illərdən bəri mövcud olsa da, sözügedən layihənin reallaşması hələ də baş tutmayıb. Amma son dövrlərdə bu məsələyə Türkmənistanda, eləcə də Qərb dünyasında maraq və diqqət yenidən artıb. Məsələyə “Türkmənistanın nefti və qazı – 2025” adlı XXX Beynəlxalq Konfransda bir daha nəzərə salınıb.

Türkiyənin BOTAŞ dövlət qaz şirkətinin baş direktoru Abdulvahit Fidan bildirib ki, ölkəsi Türkmənistandan uzunmüddətli qaz tədarükündə maraqlıdır. Onun sözlərinə görə, Türkiyənin infrastrukturu ilə etibarlı qaz əlaqəsi yaratmaqla Türkmənistan beynəlxalq bazarlara birbaşa çıxış əldə edəcək. BOTAŞ-ın baş direktoru qeyd edib ki, Türkiyə rəhbərliyi türkmən qazının Türkiyəyə uzunmüddətli və genişmiqyaslı tədarükünü qarşısına məqsəd qoyub. O, bu məqsədə nail olunmasının təkcə Türkmənistan və Türkiyə üçün deyil, bütün region üçün dönüş nöqtəsi olacağını da vurğulayıb. Bunun üçün ən sərfəli variant isə məhz Transxəzər qaz kəməridir. Sözügedən tədbirdə çıxış edən Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov da qeyd edib ki, ölkəmiz qaz və yaşıl enerji sahələrində Türkmənistanla sıx tərəfdaşlığa hazırdır. O, Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığın genişləndirilməsi və Transxəzər dəhlizinin reallaşdırılmasında enerji əməkdaşlığının rolundan da danışıb: “Azərbaycan bir neçə günəş və külək enerjisi layihəsinin tikintisini yekunlaşdırır və Azərbaycan-Türkiyə-Avropa yaşıl dəhlizinin formalaşdırılması üzərində işləyir. Bu dəhliz təmiz enerjinin ixracı üçün potensial körpü kimi nəzərdən keçirilir. 2032-ci ilə qədər Azərbaycan dənizdə günəş və külək enerjisi layihələrini fəal şəkildə inkişaf etdirməyi planlaşdırır”.

Ölkəmiz bu enerji layihələrinə Mərkəzi Asiya ölkələrinin qoşulmasında maraqlıdır və bu, sözügedən region ölkələrinin özlərinin də maraqlarına tam cavab verir. Bura türkmən qazının Azərbaycan üzərindən nəqli də daxildir. Barəsində bəhs olunan layihənin həyata keçirilməsində maraqlı olan ölkələrin sayı da artır. Məsələn, ABŞ hakimiyyəti də Xəzər dənizinin dibi ilə türkmən qazının Avropaya nəqlinə imkan verəcək boru kəmərinin tikintisini dəstəklədiyini bəyan edir. Xatırlatmaq lazım gəlir ki, Transxəzər qaz kəmərinin çəkilməsi imkanları bu ilin mayında ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin iclasında respublikaçı senator Stiv Daynes dövlət katibi Marko Rubioya sual verərkən müzakirə olunub. Senator soruşub: “Türkmənistan dünyada beşinci ən böyük təbii qaz ehtiyatına, böyük potensiala malikdir. Amma göründüyü kimi, Çin, Rusiya və İrana yaxınlığı nəzərə alınaraq, bu qazın hasilatı və ixracı çətin məsələdir. Bununla belə, irəliyə doğru bir yol var - Xəzər dənizi vasitəsilə. Cənab dövlət katibi, siz hesab edirsinizmi ki, bu kəmərin çəkilməsi ABŞ-nin və müttəfiqlərimizin maraqlarına cavab verirmi?”. Marko Rubio bildirb: “Məncə, cavab bəlidir. Ən azından sizin təsvir etdiyiniz şəkildə mən bunu belə başa düşdüm. Dediyiniz arqumentlər məntiqli görünür. Biz müxtəlif kontekstlərdə dayanıqlılığa diqqət yetirən enerji siyasəti həyata keçiririk. İdeal olaraq, bununla ixtisaslaşmış bürolar məşğul olmalıdır. Amerika və müttəfiq şirkətlər potensial olaraq bu səylərdə iştirak edə bilər”.

Onu da xatırlatmaq lazımdır ki, 2024-cü ilin noyabrında Stiv Daynes Türkmənistana səfər edib və ölkə Prezidenti Serdar Berdiməhəmmədov ilə görüşüb. Burada tərəflər ölkənin enerji ixracı marşrutlarının şaxələndirilməsi üçün tədbirlər həyata keçirilməsinin vacibliyini müzakirə ediblər. Bura ilk növbədə məhz Transxəzər qaz kəmərinin çəkilməsi daxildir. İndi fikirlər səslənir ki, ABŞ da Türkmənbaşıdan Bakıya təxminən 300 kilometr uzunluğunda Transxəzər qaz kəmərinin inşasına müvafiq dəstək verəcək. Avropa İttifaqı isə 2028-ci ilin əvvəlindən Riusiyadan qaz idxalını tamamilə dayandırmağa hazırlaşır və bu kontekstdə Azərbaycan vasitəsilə Türkmənistan qazının alınmasına daha böyük maraq göstərir. Rusiya 2021-ci ildə Avropa ittifaqına 157 milyard kubmetr qaz tədarük etdiyi halda, 2024-cü ildə bu, artıq 29 milyard kubmetrə düşüb. Bu, üç il ərzində tədarükün təxminən 5,5 dəfə azalması deməkdir. Cari ildə bu göstərici daha da azalacaq. Beləliklə, “Qazprom”un Avropadan çıxması türkmən qazına yol açır. Bunun üçün Türkmənistan və Azərbaycan dəniz qaz kəmərləri arasında birləşdirici xəttin çəkilməsi artıq zəruri şərtə çevrilir. Türkiyədə də hesab edirlər ki, Transxəzər qaz kəməri həm texniki, həm də kommersiya baxımından orta və uzunmüddətli perspektivdə daha sərfəli olacaq. Azərbaycan və Türkmənistandan tədarükün artması Türkiyəyə artan daxili tələbatı ödəməyə də əlavə imkanlar verəcək.

Azərbaycan Türkmənistan qazının tranzitinə bütün lazımi köməkliklər göstərməyə hazırdır. 300 kilometrlik Transxəzər qaz kəmərinin nəql gücü isə ildə 30 milyard kubmetr nəzərdə tutulur. Ekspertlər hesab edirlər ki, Transxəzər boru kəmərinin çəkilişi üçün əsl vaxtdır. Belə ki, Rusiya Avropa qaz bazarını tərk edir, Avropa İttifaqının alternativ təchizatçılara ehtiyacı var. Bəzi qvvələrin isə Xəzərdə artıq boru kəmərinin tikintisinə mane olmaq üçün formal hüququ yoxdur. 2018-ci ildə beş Xəzəryanı ölkə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıb. Bu sənədə görə, Xəzərin dibi ilə boru kəmərinin tikintisi üçün bütün Xəzəryanı ölkələrin razılığı tələb olunmur; boru kəmərinin hansı hissələrdən keçəcəyini iştirakçı dövlətlər, bu halda Türkmənistan və Azərbaycanın razılaşdırması kifayətdir. Üstəlik, boru kəməri təbii qazın Xəzər dənizi ilə nəqli üçün iqtisadi cəhətdən səmərəli yeganə yoldur.

OPEC-in hesablamalarına görə, Türkmənistanın təbii qaz ehtiyatları təxminən 14 trilyon kubmetrə çatır. 2015-2024-cü illər arasında qaz hasilatı 18 faiz artaraq 77,6 milyard kubmetrə çatıb. Türkmənistanın ixracının 80 faizindən çoxunu qaz təşkil edir, ona görə də ölkə “mavi yanacaq” satışını artırmaqda maraqlıdır. Respublika 2029-cu ilə qədər hasilatı 116 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bunun nəqlinə isə Transxəzər boru kəməri müstəsna töhfələr vermək iqtidarındadır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?