Qəzzada sülh üçün Azərbaycan təcrübəsi nümunə göstərilir - TƏHLİL

365 kvadrat kilometr ərazini əhatə edən Qəzzada baş verən hadisələr bu gün də dünya miqyasında diqqət mərkəzində qalır. Son günlərdə döyüşlərin səngiməsinə baxmayaraq, bölgədə dağıntılar son dərəcə böyükdür. Aralıq dənizi sahilində yerləşən və iki ildir İsraillə silahlı qarşıdurma şəraitində olan Qəzza zolağında evlərin 90 faizindən çoxu dağıdılıb, su və elektrik sistemləri tamamilə iflic olub, antisanitar şəraitdə yaşayan əhalinin isə demək olar ki, səhiyyə xidmətlərinə çıxışı yoxdur. Fələstinin anklavı olan bu ərazidə yaşayan 2 milyon nəfərdən 1,9 milyonu məcburi köçkünə çevrilib.
ABŞ Prezidenti Donald Trampın Qəzza üçün hazırladığı sülh planı tam şəkildə icra olunarsa, qarşıda duran əsas məsələ bölgənin bərpası olacaq. Ərazi kiçik olsa da, onun yenidən qurulması üçün on milyardlarla dollar tələb olunur. 2025-ci ilin martında keçirilən ərəb ölkələrinin sammitində təqdim olunan Misir planına görə, Qəzzanın bərpası üçün 53 milyard ABŞ dolları lazımdır. Donald Trampın həmin ilin avqustunda açıqlanan və bölgədə “Yeni Riviera”nın yaradılmasını nəzərdə tutan “Böyük Etimad” planı isə 100 milyard dollarlıq investisiya tələb edir. BMT-nin son məlumatlarına əsasən, Qəzzanı yenidən yaşanacaq məkana çevirmək üçün azı 70 milyard ABŞ dolları tələb olunur.
Qəzzanın bərpası ilə yanaşı, ərazidə təhlükəsizliyin təmin edilməsi də mühüm məsələ kimi gündəmdədir. Bunun üçün anklavda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi son günlərdə aktiv müzakirə edilir. Maraqlıdır ki, bu qüvvələrin tərkibində Azərbaycanın da yer alacağı barədə iddialar getdikcə güclənir. Qərb mediası bu mövzunu geniş işıqlandırır. “Politico” qəzeti yazır ki, Azərbaycan İndoneziya və Pakistanla birlikdə Qəzzadakı stabilləşdirici qüvvənin əsas namizədlərindən biridir. Oxşar məlumat “The Guardian” qəzetində də dərc olunub. Nəşr qeyd edir ki, Qəzzadakı sülhməramlı missiyaya Misir rəhbərlik edəcək və onun tərkibinə Azərbaycan, Türkiyə və İndoneziya da daxil olacaq.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin Azərbaycana səfəri və onun yüksək səviyyədə qəbul olunması da bu ehtimalları gücləndirib. Rəsmi məlumatlarda Prezident İlham Əliyevlə görüşdə Qəzzaya sülhməramlı qüvvələrin göndərilməsi barədə açıqlama verilməsə də, müşahidəçilər diqqəti bir məqama yönəldirlər: CENTCOM-un məsuliyyət zonası Yaxın Şərq, Cənubi Asiya və Mərkəzi Asiyanı əhatə edir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu ABŞ-ın Avropa Komandanlığının məsuliyyətinə daxil olsa da, ölkəmiz CENTCOM-la əməkdaşlıq təcrübəsinə malikdir. Xüsusilə Əfqanıstan və İraq müharibələri dövründə Azərbaycan bu bölgələrdə sülhməramlı qüvvələri ilə təmsil olunub.
Bundan əlavə, Azərbaycan oktyabrın 13-də Misirdə ABŞ-ın rəhbərliyi ilə keçirilən Qəzza sammitində iştirak edib. Bu fakt da Bakının bölgədə sülh prosesində fəal rol oynamaq istəklərini göstərir.
Ekspertlərin fikrincə, Azərbaycan həm Qəzzanın bərpasında iştirak edə, həm də təhlükəsizliyin təmin olunmasında sülhməramlı qüvvələr vasitəsilə mühüm rol oynaya bilər. Ölkəmizin həm İsraillə, həm də Fələstinlə yüksək səviyyəli münasibətlərə malik olması, “iki dövlətli həll” prinsipini dəstəkləməsi bu rolu daha da mümkün edir.
Azərbaycanın Qəzzada iştirakının həm mənəvi, həm də humanitar baxımdan mühüm addım olacağı da vurğulanır. Azərbaycan xalqı tarixən İslam həmrəyliyinə sadiq olub, Heydər Əliyev Fondu vasitəsilə Qəzzada və digər müsəlman ölkələrində humanitar layihələr həyata keçirib. Bu təcrübə sülhməramlı missiyada iştirakla məntiqi şəkildə davam etdirilə bilər.
Nəhayət, Azərbaycanın Qəzzaya sülhməramlı göndərməsi beynəlxalq təhlükəsizlik və sülhün bərpasına töhfə kimi qəbul ediləcək. Bu, həm də Azərbaycanın regional deyil, qlobal səviyyədə də etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.
MTM Analitik Qrupu