Azərbaycanın mədəniyyət diplomatiyası qlobal sülhün əsas alətinə çevrilir - TƏHLİL

Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) – Asiya və Okeaniya siyasi partiyalarının beynəlxalq birliyi kimi bu gün fəaliyyəti ilə dünya miqyasında xüsusi diqqət cəlb etməkdədir. Bəllidir ki, Konfransın məqsədi regionun müxtəlif ölkələrindən və müxtəlif ideologiyalara malik siyasi partiyalar arasında təcrübə mübadiləsini və əməkdaşlığı təşviq etməkdir. Bundan başqa, Asiya ölkələri arasında qarşılıqlı anlaşma və etimadı gücləndirmək, sözügedən coğrafiyada regional əməkdaşlığı inkişaf etdirmək, davamlı sülh və ümumi rifah üçün şərait yaratmaq da əsas məqsədlər sırasındadır.
2000-ci ilin avqustunda Filippinin Manila şəhərində yaradılmış ICAPP o vaxtdan bəri fəaliyyətini davamlı şəkildə genişləndirir. Xüsusən də 2008-ci ildən etibarən təşkilat regiondakı əsas problemlərin həlli üçün xüsusi konfranslar və seminarlar keçirməyə başlayıb. İlk belə konfrans 2008-ci ilin mayında Seulda baş tutub. Həmin vaxt ICAPP Daimi Komitəsinin iclasında Katibliyin yaradılması və onun Cənubi Koreyanın paytaxtında fəaliyyət göstərməsi qərara alınıb.
ICAPP-ın mühüm üstünlüklərindən biri onun ideoloji müstəvidə neytral platforma olmasıdır. Burada həm sağ, həm sol, həm də mərkəzçi partiyalar iştirak edə bilirlər. O, həmçinin qeyri-hökumət təşəbbüsü kimi fəaliyyət göstərir. Ötən dövrdə qurum siyasi partiyalar arasında regional əməkdaşlığın yeni modelini formalaşdırmağa nail olub və bu istiqamətdə mühüm uğurlar əldə edib.
Təkcə Azərbaycanda deyil, bütün regionda ən böyük və güclü siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası (YAP) da ICAPP-la yaranışından etibarən sıx əlaqələrə malikdir və təşkilatda aparıcı rola sahibdir. Bundan əlavə, YAP ICAPP-ın bir çox tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edib. Bunun bariz nümunələrindən biri partiyanın ev sahibliyi ilə Bakıda keçirilmiş ICAPP Daimi Komitəsinin 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarıdır.
Xatırladaq ki, ICAPP Asiya Mədəniyyət Şurası 2018-ci ildə təsis edilib və UNESCO-nun əsas tərəfdaşlarından biridir. Şuranın başlıca məqsədləri Asiyada mədəni müxtəlifliyi təşviq etmək, müxtəlif xalqlar arasında mədəni dialoqu gücləndirmək, mədəniyyətin dünyadakı roluna, mədəni innovasiya və inteqrasiya məsələlərinə diqqət yönəltməkdir.
Bu məqsədlər ICAPP Asiya Mədəniyyət Şurasının Bakıda keçirilən iclası kontekstində də özünü qabarıq şəkildə göstərdi. Qlobal kataklizmlər, çoxsaylı təhdidlər və çağırışlar fonunda yeni dünya nizamının formalaşdığı bir dövrdə bu mövzu xüsusilə aktuallıq kəsb edir. Məhz belə bir zamanda Azərbaycan təcrübəsinin dünyada geniş tətbiqi qlobal sülh prosesi üçün müstəsna əhəmiyyət daşıyır.
Bu yanaşma Prezident İlham Əliyevin Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına ünvanladığı müraciətdə də öz əksini tapıb. Dövlət başçısı müraciətində qeyd edib:
“Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu, mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı təsir mühitində formalaşdığı unikal bir məkan olmuşdur. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgəyaşayışı mühüm rol oynamışdır. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir və dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri təşviq edir, sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən mühüm platformaya çevrilmişdir.”
Dövlət başçısı vurğulayıb ki, müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlarla üzləşir. Belə şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən, sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasına şərait yaradır.
ICAPP Asiya Mədəniyyət Şurasının iclasında çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov da qeyd edib ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər müşahidə olunur:
“Dünyada hərbi-siyasi qarşıdurmaların, humanitar böhranların, dini və etnik müstəvidə ziddiyyətlərin artdığı bir zamanda müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.”
Bu baxımdan dünyada Azərbaycan təcrübəsinin daha geniş tətbiqinə böyük zərurət var. Mədəniyyət naziri Adil Kərimli bu kontekstdə bildirib ki, Azərbaycanın mədəni irsinin və dəyərlərinin zənginliyindən, onların təsir gücündən bu gün dövlət idarəetməsində, ictimai münasibətlərdə və beynəlxalq əlaqələrdə önəmli vasitə kimi istifadə edilir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət dövlətin beynəlxalq siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan həm öz zəngin mədəni irsini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına, multikulturalizmin ünvanına çevrilir.”
ICAPP Asiya Mədəniyyət Şurasının iclasında dünyada tolerantlıq nümunəsi kimi tanınan Azərbaycan faktoruna xüsusi diqqət göstərilməsi təsadüfi deyil. Çünki qloballaşma ilə yanaşı, etnik, dini və mədəni zəmində ziddiyyətlərin artdığı dövrdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirməkdir.
Azərbaycan bu baxımdan nadir ölkələrdəndir ki, coğrafi, tarixi və mədəni mövqeyindən istifadə edərək sivilizasiyalararası dialoqu aktiv təşviq edir. Müxtəlif dini və etnik qruplar Azərbaycanda əsrlərlə dinc yanaşı yaşayıb, qarşılıqlı hörmət və əməkdaşlıq mühiti formalaşdırıblar. Bu ənənə bu gün də qorunur və dövlət siyasətində əsas prioritetlərdən biri kimi qəbul edilir.
Mədəniyyətlərarası dialoqun təşviqi dövlətin beynəlxalq strategiyasının ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi və Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu dünya miqyasında böyük maraqla qarşılanır. Azərbaycan həm də multikulturalizmi dövlət siyasəti səviyyəsinə qaldıran nadir ölkələrdəndir.
Azərbaycanın təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. UNESCO, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki səylərini sülh və təhlükəsizliyə mühüm töhfə kimi qəbul edirlər. Ölkəmiz həm də ICAPP çərçivəsində mədəniyyət sahəsində regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
Bütün bunlar fonunda tamamilə təbiidir ki, BMT-nin Sivilizasiyalar Alyansının yüksək səviyyəli toplantılarında Azərbaycan modeli nümunə kimi göstərilir. Azərbaycanın təşəbbüsləri yalnız regionda deyil, qlobal miqyasda da sülh proseslərinə təsir göstərir.
Mədəniyyətlərarası dialoq gərginliyin azaldılması, ekstremizm və radikalizmin qarşısının alınması baxımından mühüm vasitədir. Azərbaycan bu istiqamətdə dini və mədəni zəmində yaranan yanlış təsəvvürlərin aradan qaldırılmasına, zərərli stereotiplərin dağıdılmasına, xalqlar arasında qarşılıqlı empatiyanın və hörmətin gücləndirilməsinə mühüm töhfə verir.
Bu səbəbdən Azərbaycan beynəlxalq miqyasda təkcə enerji baxımından zəngin və geosiyasi əhəmiyyətə malik dövlət kimi deyil, həm də mədəniyyətlərarası dialoq və multikulturalizmin beynəlxalq təbliğatçısı kimi qəbul olunur. Bu isə dünya miqyasında sülh və əmin-amanlığın təmin olunması baxımından həyati əhəmiyyət daşıyır.
MTM Analitik Qrupu