Ermənistanda sosial problemlər artır - Gələcəyin anaları üçün rəqəmsal miraj - ŞƏRH

Ermənistanda sosial problemlərin günü-gündən dərinləşməsi, xüsusilə də seçkilər yaxınlaşdıqca müxalifət və digər qüvvələr tərəfindən daha çox qabardılır. Hökumət isə bu problemləri həll etməkdə çarəsizlik içində müxtəlif proqramlar irəli sürür. Lakin təklif edilən və həyata keçirilən layihələrin əksəriyyəti real nəticə vermir, problemlərin köklü həllinə nail ola bilmir.
Bu yaxınlarda hökumətin təqdim etdiyi sosial ödənişlərlə bağlı iri miqyaslı islahat sistemi də artıq öz çürük mahiyyətini üzə çıxarıb. Vədlər mükəmməl səslənirdi: “Heç bir ərizə, sənədləşmə yoxdur. Sadəcə qayğı və avtomatik ödənişlər”.
Amma bu cəsarətli bəyanatların arxasında rəqəmsallaşmanın yeni maneələr yaratdığı, vəd edilən sadəliyin isə yardıma ən çox ehtiyacı olanlar üçün əlavə çətinliklər doğurduğu sərt reallıq dayanır.
Hələ fevral ayında Əmək və Sosial Məsələlər nazirinin müavini David Xaçatryan qanun layihəsini təqdim edərkən parlamentdə qüsursuz rəqəmsal ekosistemi təsvir etmişdi. Onun sözlərinə görə, elektron səhiyyə sistemindən alınan məlumatlar avtomatik şəkildə Vahid Sosial Xidmətə, daha sonra isə işəgötürənə məlumat verən və ödənişləri tənzimləyən Dövlət Gəlirləri Komitəsinə ötürülməli idi. Teorik baxımdan bu, ideal görünürdü. Praktikada isə bu, indiki hakimiyyət üçün artıq ənənəyə çevrilmiş uğursuzluğun daha bir nümunəsidir.
Məmurlar “uğurları” barədə hesabat verdikləri vaxt, sentyabr ayında analıq məzuniyyətinə çıxan yüzlərlə qadın oktyabrın ortalarına qədər qanuni şəkildə aldıqları müavinətlərdən məhrum qalıblar. Vəziyyət absurddur: hamilə qadınlar hər gün qaynar xətlərə zəng etməyə məcbur olur, operatorlar isə onlara vəsaitlərin artıq köçürüldüyünü bildirir və banklara müraciət etməyi tövsiyə edirlər. Banklar isə çiyinlərini çəkərək “pul yoxdur” cavabını verirlər. Beləcə, sistemin özünün yaratdığı sonsuz bir dairə formalaşıb. Rəsmi izahatlar isə “keçid dövrü” və “sistemin tənzimlənməsi” kimi qeyri-müəyyən bəhanələrlə əvəz olunur.
Sosial Əmək Nazirliyinin “Qaynar xətt” operatorları israrla bildirir ki, “sentyabr ayı üçün bütün ödənişlər bir həftə ərzində həyata keçiriləcək.” Amma bu, doğum ərəfəsində olan, cibində bir qəpik belə qalmayan qadınlar üçün çox zəif təsəllidir. Yeni sistem nəinki sadələşmə gətirmədi, əksinə, ödənişlərin alınması prosedurunu daha da çətinləşdirdi. Əvvəllər işəgötürənlər işçilərin kartına birbaşa pul köçürürdülərsə, indi hamilə qadınlar 5-6 müvəkkil bankdan birinə şəxsən müraciət edib növbə gözləməyə məcbur qalırlar.
Hakimiyyət faktiki olaraq “rəqəmsallaşma”, “innovasiya”, “islahat” kimi dəbli terminlərin arxasında gizlənərək, bürokratik yükü öz üzərindən vətəndaşların çiyninə atıb.
Bu vəziyyəti “böyümənin ağrıları” kimi izah etmək mümkün deyil. Bu, kobud, sınaqdan keçirilməmiş qərarların fərmanla həyata keçirildiyi sistemli idarəetmə böhranıdır. Bunun bariz nümunələrindən biri də Dövlət Gəlirləri Komitəsinin elektron qaimə-faktura sistemidir ki, onun müntəzəm nasazlıqları biznes sektorunu iflic vəziyyətinə salır.
Nəticə məyusedicidir: hökumət öz islahatlarını həyata keçirməkdə ardıcıl acizlik nümayiş etdirir. Sosial ödənişlərin pozulmasına görə məsuliyyət daşıyan məmurlar cəzasız qalır. Əsas sosial müdafiə funksiyalarının iflasa uğraması fonunda isə yeni maliyyə axınlarına, yəni artıq hər şeyini itirmiş insanlara humanitar yardımın “rəqəmsal nəzarəti”ni tətbiq etməyə cəhd edilir.
Bu, sadəcə bir uğursuzluq deyil, bu, “rəqəmsal gələcək” ritorikasının arxasında gizlənən arxaik məsuliyyətsizliyin, sistemli bürokratiyanın və vətəndaşların ehtiyaclarına tam etinasızlığın göstəricisidir.
Hikmət Həsənov