Bu gün

İranın zəifləyən gücü və Azərbaycanın yüksələn diplomatik rolu - ŞƏRH

İranın Ali Rəhbərinin müşaviri Əli Laricaninin Moskvaya səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşərək ona Benyamin Netanyahunun “daha döyüşmək istəməməsi” mesajına Ayətullah Xameneinin cavab məktubunu çatdıracağı xəbəri Yaxın Şərqdə dəyişən və zəifləyən gərginlik fonunda xüsusi əhəmiyyət kəsb edir. Bu diplomatik addım, ehtimal ki, 12 günlük intensiv İran–İsrail və ABŞ müharibəsinin, həmçinin Qəzzadakı münaqişənin Tehrana vurduğu ağır zərbələrin nəticəsində atılır. Bu, İranın regional təsir gücünün ciddi şəkildə azaldığını göstərir.

Müharibənin yekunu İranın regional güc mərkəzi kimi mövqeyində ciddi sarsıntılar yaradıb. ABŞ və İsrailin dəqiq zərbələri İranın hərbi infrastrukturuna böyük ziyan vurdu, Hava Hücumundan Müdafiə sistemlərini zəiflətdi, raket və PUA buraxmaq imkanlarını məhdudlaşdırdı. Ən kritik zərbə isə nüvə obyektlərinə dəyib – zənginləşdirmə müəssisələri məhv edilib. Bu, İranın həm hərbi gücünü, həm də diplomatik danışıqlarda “nüvə kartı”ndan istifadə imkanını uzunmüddətli perspektivdə sıradan çıxarıb.

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) və “Qüds” Qüvvələrinin onlarla yüksəkvəzifəli komandanının qısa müddət ərzində məhv edilməsi, İranın komandanlıq zəncirini dağıdıb və ölkənin öz qüvvələrini qorumaqda aciz olduğunu nümayiş etdirib.

Eyni zamanda Qəzzadakı uzunmüddətli müharibənin HƏMAS-ın hərbi və siyasi məğlubiyyəti ilə başa çatması İranın regional strategiyasına ciddi zərbə vurdu. HƏMAS İranın dəstəklədiyi “Müqavimət oxu”nun əsas dayaqlarından biri idi. HƏMAS-ın idarəetmə və əməliyyat imkanlarını itirməsi, Tehranın İsrailə qarşı əsas əməliyyat vasitəsini itirməsi deməkdir. Bu məğlubiyyət, İranın Suriya, Livan və Yəməndəki digər proksi qruplarına dəstəyinin effektivliyini də sual altına alır və onları daha təcrid vəziyyətinə salır. Hazırda Hizbullah (Livan) və husilər (Yəmən) üzərində təzyiq daha da artır.

HƏMAS-ın məğlubiyyəti və müharibənin İrana vurduğu zərbələr fonunda, Tehranın siyasi elitası və ekspert dairələri arasında 2023-cü il 7 oktyabr hücumunun məqsədəuyğunluğu ilə bağlı tənqidi fikirlər səslənir. Bəzi yüksəkvəzifəli şəxslər və analitiklər hesab edirlər ki, HƏMAS-ın həmin hücumu başlatması və ya Tehranın ona dəstəyi İranın regional maraqları baxımından strateji səhv idi. Bu addım İsrailə amansız hərbi cavab vermək üçün bəhanə yaratdı və nəticədə bütün “Müqavimət oxu”nu zəiflətdi.

İranın hərbi zəifləməsi, yüksək səviyyəli itkilər və sanksiyalar fonunda ölkə daxilində narazılıq artır, radikal regional siyasətə son qoyulması tələbləri güclənir.

Bu zəifləmə fonunda Azərbaycanın Yaxın Şərqdəki bitərəf və konstruktiv mövqeyi beynəlxalq aləmdə yeni rol qazanır. “Politico” nəşrinin Ağ Evdəki mənbəyə istinadən yaydığı məlumata görə, Qəzza Zolağında vəziyyəti sabitləşdirmək məqsədilə planlaşdırılan sülhməramlı missiyada iştirak üçün Azərbaycan, İndoneziya və Pakistan əsas namizədlər kimi önə çıxır. Bu namizədlik, Azərbaycanın həm Qəzzaya, həm də İsrailə münasibətdə tutduğu balanslı və obyektiv mövqeyin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Mənbənin bildirdiyinə görə, həm Təl-Əviv, həm də Fələstin bu variantı anlayışla qarşılayacaq.

Azərbaycanın bu həssas missiyada namizədliyi onun etibarlı tərəfdaş və vasitəçi kimi artan nüfuzunu təsdiqləyir. Bu, ölkəmizin yalnız Cənubi Qafqazda deyil, həm də daha geniş coğrafiyada sabitləşdirici güc kimi rolunu möhkəmləndirir.

12 günlük müharibədəki itkilər, nüvə potensialının zəifləməsi və HƏMAS-ın məğlubiyyəti Tehranı həm daxili, həm də xarici təzyiqlərlə üz-üzə qoyub. İranın bu vəziyyəti Yaxın Şərqdə yeni geosiyasi tarazlığın formalaşmasına və Tehranın uzunmüddətli regional strategiyasına yenidən baxmağa məcbur edir.

Əli Laricaninin Rusiyaya səfəri və Netanyahunun “daha döyüşmək istəmirik” mesajı İranın hərbi ambisiyalarının iflasa uğradığını göstərir. Bunun fonunda Azərbaycanın regionda və ondan kənarda artan nüfuzu isə balanslı, praqmatik siyasətin uğurlu nəticəsidir. Bu fakt bir daha sübut edir ki, aqressiv siyasət hər zaman iflasa, ədalətli və sülh yönümlü siyasət isə uğura aparır.

Azadxan Axundov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?