10 aprel

Türkiyə və İsrailin Bakıdakı danışıqları ilə bağlı əsas məqamlar

Türkiyə və İsrail rəsmiləri arasında Suriyada mümkün hərbi qarşıdurmaların və anlaşılmazlıqların qarşısını almaq məqsədilə texniki danışıqlar 9 aprel 2025-ci il tarixində Azərbaycanda keçirilib. Təhlil.az xəbər verir ki, bu görüş, hər iki ölkənin Suriyada aktiv qüvvələrinin mövcudluğu fonunda, arzuolunmaz insidentlərin qarşısını almaq üçün bir mexanizm yaratmaq məqsədilə təşkil olunub.

​Danışıqların əsas məqsədi, Suriyada hər iki ölkənin maraqlarını nəzərə alaraq, qarşılıqlı anlaşma və koordinasiyanı təmin etməkdir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan baş verənlərlə bağlı bildirir ki, Ankara Suriyada heç bir ölkə ilə münaqişəyə girmək niyyətində deyil, lakin İsrailin hərəkətləri regional təhlükəsizliyi təhdid edərsə, buna səssiz qalmayacaq: “İsrailin bölgədəki ekspansionist ambisiyalarından istifadə edərək Suriyada münaqişə yaratmaq cəhdləri qəbuledilməzdir”.

Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi əməliyyatlar nə Suriyanın, nə də İsrailin özünün təhlükəsizliyinə töhfə verir və uzunmüddətli perspektivdə Yaxın Şərqdə daha böyük qeyri-sabitliyə gətirib çıxara bilər. Nazir onu da xüsusi vurğulayıb ki, bu səbəbdən Türkiyə problemi başlamadan dayandırmaq üçün qabaqlayıcı diplomatik və digər tədbirlər görməlidir: “Türkiyənin nə İsraillə, nə də Suriyadakı hər hansı başqa ölkə ilə münaqişəyə girmək niyyəti yoxdur. Suriyaya öz müdafiə siyasətini, xarici siyasətini və regional məsələlərini müstəqil şəkildə formalaşdırmasına imkan vermək lazımdır”.

İsrailin baş naziri Benyamin Netanyahu isə bəyan edir ki, ölkəsi Suriyadakı vəziyyətin Türkiyə ilə münaqişəyə səbəb olmasını istəmir. Bununla belə, o qeyd edir ki, Türkiyənin Suriyada hərbi baza qurmaq istəyi İsrail üçün təhlükə yaradır: “Biz buna qarşıyıq və buna uyğun hərəkət edirik”. İsrail Türkiyənin Suriyada iştirakının miqyasından narahatdır. İsrailin müdafiə naziri İsrael Katz bu kontekstdə bəyan edib ki, yəhudi dövləti təhlükəsizlik maraqlarını hər yolla müdafiə etməyə hazırdır. Burada maraqlı nüans həm də odur ki, Suriyanın yeni hökuməti Türkiyə ilə münasibətlərin dərinləşməsində maraqlıdır. Amma İsrail yeni hökumətin yanaşmasını qəbul etmir.

Beləliklə, proseslər Türkiyə və İsrail arasında qarşıdurma ehtimalını artırır, diplomatik gərginliyin daha da dərinləşdiyini göstərir. Bu fonda tərəflərin münasibətlərini yenidən normal məcraya qaytarması üçün bir araya gəlməsi, danışıqlar masası arxasına əyləşməsi olduqca vacibdir. İndi bunun üçün vasitəçilərə də xüsusi ehtiyac var ki, onlardan biri və bəlkə də birincisi Azərbaycandır.