“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə tarixi qələbə ilə başlayıb

UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
Təhlil.az xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" da əsas mərhələdə mübarizəyə başlayıb.
Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olub. "Da Luş" stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.
Oyuna inamsız başlayan "Qarabağ" 6 və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" komandasına qarşı keçirəcək.