Bu gün

Doha sammiti: Azərbaycan–Qətər münasibətləri strateji tərəfdaşlıq yolunda - TƏHLİL

Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammiti bir sıra mühüm məqamlarla yanaşı, Azərbaycanın bu ölkə ilə münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində inkişaf etdiyini və mühüm perspektivlərə malik olduğunu göstərir.

Qlobal çağırışlar fonunda qeyd etmək lazımdır ki, bu əlaqələr təkcə iqtisadi deyil, regional və qlobal təhlükəsizlik maraqları, humanitar əməkdaşlıq, beynəlxalq hüququn aliliyinə sadiqlik prinsipləri üzərində qurulur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Dohada keçirilən sammitdə çıxışı zamanı səsləndirdiyi fikirlər ikitərəfli münasibətlərin real siyasi məzmununu ifadə edir.

Ceyhun Bayramov sammitdə çıxışı zamanı Qətərə edilən son hava hücumunun dərin narahatlıq doğurduğunu vurğulayıb, bu ölkənin suverenliyi və ərazi bütövlüyünə Azərbaycanın prinsipial mövqeyini ifadə edib. O, həmçinin bütün mübahisəli məsələlərin həllində, mövcud gərginliyin aradan qaldırılmasında beynəlxalq hüquq və BMT Nizamnaməsinin prinsiplərinin əsas götürülməsinin vacibliyini bildirib.

Rəsmi Bakı həmçinin Qəzza bölgəsində mövcud humanitar böhranın aradan qaldırılmasında Qətərin səylərini yüksək qiymətləndirir. Azərbaycan və Qətərin Fələstin probleminin həllinə yanaşmaları üst-üstə düşür. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanmaqla “iki dövlət” prinsipi üzərində qurulub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykənir. Azərbaycanın dəstəklədiyi həll modeli Fələstin xalqının müstəqil dövlət qurmaq haqqını tanımaqla yanaşı, İsrailin təhlükəsizliyini də vacib şərt kimi önə çəkir.

Ölkəmizin bu mövqeyini gücləndirən əsas amillərdən biri də beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyidir. Azərbaycan üzləşdiyi ədalətsiz münaqişəni və işğal faktını məhz bu prinsiplərə əsaslanaraq aradan qaldırıb. Ölkəmiz Fələstin məsələsində də beynəlxalq hüquqa zidd hərbi təcavüz siyasətinə qarşı çıxır, münaqişələrin yalnız diplomatik danışıqlar yolu ilə həlli tərəfdarıdır.

Azərbaycanın və Qətərin Fələstin xalqına dəstəyi konkret humanitar və sosial layihələrdə də təzahür edir. Rəsmi Bakı ötən il Fələstin xalqına humanitar yardım məqsədilə 2 milyon ABŞ dolları ayırıb. Bundan əlavə, ölkəmiz Fələstinin Nablus regionunda 600 şagirdlik məktəbin inşasını üzərinə götürüb. Bu təşəbbüslər Azərbaycanın münaqişənin ədalətli həllinə real töhfə verdiyini sübut etməklə yanaşı, onun beynəlxalq humanitar proseslərdə fəal iştirakçı rolunu möhkəmləndirir.

Azərbaycan Qətər, Suriya və digər Yaxın Şərq ölkələri ilə münasibətlərini inkişaf etdirməklə regionda sabitliyin qorunmasına və təmin olunmasına töhfələr verir. Hərbi qarşıdurmaların ağır fəsadlarını, humanitar böhranların nəticələrini öz təcrübəsində görmüş bir dövlət kimi Azərbaycan yalnız siyasi dialoqa və beynəlxalq hüquqa əsaslanan mexanizmlərin real nəticə verə biləcəyini hesab edir.

Ölkəmiz İsraillə yaxşı münasibətlərə malik olsa da, bu ölkənin Qətərə hücumunu narahatlıqla qarşılayır və rəsmi Tel-Əvivin beynəlxalq hüquqa hörmətlə yanaşmasını tələb edir. Azərbaycanın bu balanslı mövqeyi həm Qətərin, həm də bütövlükdə regionun təhlükəsizlik maraqlarını önə çəkir.

Qətər Dövləti ilə münasibətlərin mühüm istiqamətlərindən biri də Suriyanın enerji təchizatı məsələsində əməkdaşlıqdır. Vətəndaş müharibəsindən çıxmış Suriyanın infrastrukturunun bərpası və qazla təminatında hər iki ölkənin enerji resursları və təcrübəsi böyük rol oynayır. Qətər Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya nəqli layihəsinin maliyyələşdirilməsində yaxından iştirak edib. Bu əməkdaşlıq həm də İslam həmrəyliyinin praktik təzahürü kimi diqqət çəkir.

İqtisadi əlaqələrin inkişafı da ikitərəfli münasibətlərin dərinləşməsinə zəmin yaradır. Qətər Dövlətinin nüfuzlu biznes qurumlarının və sərmayə fondlarının ölkəmizə marağı getdikcə artır. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, yaşıl enerji istehsalı layihələri Qətər sərmayədarları üçün cəlbedici görünür. Enerji, investisiya, logistika və digər sahələrdə geniş əməkdaşlıq perspektivləri mövcuddur.

Azərbaycan və Qətər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirlər. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər qurumlarda nümayiş etdirilən həmrəylik iki ölkənin mövqelərinin yaxınlığını göstərir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüslər rəsmi Doha tərəfindən dəstəklənib. Bu əməkdaşlıq modeli müsəlman dünyasının parçalanmasının qarşısını almaq, həmrəyliyi gücləndirmək və qlobal diplomatiyada daha təsirli mövqe sərgiləmək üçün mühüm əhəmiyyət daşıyır.

MTM Analitik Qrupu 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?