14 aprel

“The Economist” Azərbaycanın Orta Dəhlizdəki rolu haqqında

"The Economist" jurnalı Transxəzər nəqliyyat marşrutu – Orta Dəhlizin inkişaf perspektivləri və Azərbaycanın bu dəhlizin səmərəliliyinin artırılmasında oynadığı rol haqqında məqalə dərc edib.

Təhlil.az xəbər verir ki, məqalədə hazırkı geosiyasi böhranlar fonunda bu marşrutun xüsusi əhəmiyyətinin daha da artması, rəsmi Bakının nəqliyyat kommunikasiyalarının inkişafı və infrastrukturun modernləşdirilməsi ilə bağlı strateji və uzaqgörən addımları vaxtında atmasından bəhs edilir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi xüsusi vurğulanır.

"The Economist" xatırladır ki, yaxın zamanlarda Qırğızıstan və Özbəkistan ərazisindən keçəcək yeni dəmir yolu xəttinin tikintisinə başlanılıb və bu layihə də Orta Dəhlizin bir hissəsi olacaq. Məqalədə qeyd olunur ki, Ukrayna və Qırmızı dənizdəki geosiyasi böhranlar Pekini logistika strategiyalarını yenidən düşünməyə və xarici iqtisadi əlaqələrin dayanıqlılığını artırmağa məcbur edir. Bu xüsusilə müharibə səbəbindən artan sığorta haqları, risklər və çatdırılma müddətlərinin uzanması fonunda aktuallaşıb.

Belə şəraitdə Xəzər dənizi limanları üzərindən keçən Orta Dəhliz alternativ marşrut kimi çıxış edir. Qırğızıstan və Özbəkistan üzərindən keçəcək yeni hissə isə bu marşrutu daha da qısa və səmərəli edəcək.

Jurnal vurğulayır ki, "Bir kəmər – bir yol" təşəbbüsü Çin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Alternativ marşrutlar isə vaxt baxımından həssas yüklərin daha sürətli çatdırılmasını təmin edir, Çinin regiondakı təsirini artırır və daha dayanıqlı təchizat kanalları yaradır.

Yəməndəki husilərin Qırmızı dənizdə gəmilərə hücumlarının artması Pekin üçün narahatedici siqnala çevrilib. Çin, dəniz yollarından asılılığını azaltmaq və qeyri-sabitliyə qarşı sığortalanmaq istəyir. Hətta dəniz və dəmir yolu daşımalarının həcmi fərqli olsa da, Çin və onun tərəfdaşları Orta Dəhlizin infrastrukturunu modernləşdirməyə qərarlıdır.

Bu marşrut daha qısa olmasına baxmayaraq, daha çox sərhədləri və Xəzər dənizini keçmək tələb edir. Amma Ukrayna münaqişəsindən sonra Pekin bu dəhlizin təkmilləşdirilməsi ideyasını daha fəal şəkildə irəli sürür. Qeyd olunur ki, Orta Dəhliz 2023-cü ildə Sian şəhərində keçirilən "Çin–Mərkəzi Asiya" sammitində də əsas mövzulardan biri olub.

"The Economist" vurğulayır ki, Orta Dəhlizlə daşınan yüklərin həcmi getdikcə artır. Xəzərdəki limanların təkmilləşdirilməsi, Azərbaycan və Türkiyə üzərindən keçən marşrutların yenilənməsi və gömrük prosedurlarının sürətləndirilməsi çatdırılma müddətini 38–53 gündən 18–23 günə qədər azaldıb.

Məqalədə qeyd olunur ki, 2021–2024-cü illər arasında Xəzər marşrutu üzrə daşınan yüklərin həcmi iki dəfə artaraq 55 000 TEU (standart konteyner) təşkil edib. Həmçinin, Çin və Avropa arasında dəmir yolu ticarətinin ümumi dəyəri 2016-cı ildə 8 milyard dollardan 2023-cü ildə 57 milyard dollara qədər artıb. Çin və Avropa İttifaqı arasında ümumi ticarət həcmi isə ötən il 518 milyard avro (568 milyard dollar) təşkil edib.