ABŞ-nin Rusiyaya qarşı sanksiyaları Ermənistana təsir edəcəkmi? - ŞƏRH

ABŞ ilə Rusiya arasında Ukrayna münaqişəsinin nizamlanmasını ehtiva edən danışıqların təxirə salınmasından sonra rəsmi Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq edib. Ağ Evin açıqlamasında qeyd olunur ki, sanksiyaların əsas məqsədi Rusiyanı atəşkəsə və məhsuldar danışıqlara məcbur etməkdir.
Bu dəfə diqqət çəkən məqam odur ki, sanksiyalar Rusiyanın nəhəng enerji şirkətlərini hədəfə alıb. Qış mövsümünün yaxınlaşdığı bir dövrdə bu addım Moskva üçün ciddi gəlir itkisinə səbəb ola bilər.
Bəs görəsən, ABŞ-nin tətbiq etdiyi bu sanksiyalar Ermənistan iqtisadiyyatına təsir göstərə bilərmi? Axı Ermənistanın iqtisadi baxımdan həm Rusiyadan, həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) asılı olduğu məlumdur.
“Lukoil” və “Rosneft” kimi neft hasilatı və logistikada əsas rol oynayan şirkətlərə qarşı sanksiyalar, şübhəsiz ki, müəyyən mərhələdə zərər effekti yaradacaq. Lakin bu təsirin uzunmüddətli və ya qısamüddətli olacağı ABŞ ilə Rusiya arasında aparılacaq danışıqların gedişindən asılı olacaq.
Əslində məsələ təkcə Rusiyanın deyil, Qərb ölkələrinin də bu prosesdən nə qədər təsirlənəcəyindədir. Çünki Avropanın bir çox dövləti hələ də Rusiyadan qaz və enerji resursları idxal edir. Yeni sanksiyalar isə bu ticarət münasibətlərini daha da çətinləşdirir. Məsələn, Almaniya artıq bu sanksiyalardan dolayı təsirləndiyini etiraf edib. Almaniya kansleri ABŞ ilə danışıqlar aparır ki, ölkədə fəaliyyət göstərən Rusiya mənşəli törəmə şirkətlərə toxunulmasın, çünki onlar həm Almaniya, həm də bütövlükdə Avropa iqtisadiyyatı üçün mühüm rol oynayır.
Rusiyadan ucuz qaz alan Ermənistan üçün də vəziyyətin mürəkkəbləşəcəyi ehtimal olunur. Sanksiyalar nəticəsində Rusiyanın qaz ixracında problemlər yaranarsa, İrəvan alternativ mənbə tapmaqda çətinlik çəkəcək.
İrandan qaz idxalı isə real görünmür. Bunun səbəbi, İranın əsas qaz yataqlarının ölkənin cənubunda yerləşməsidir. Hətta Tehran özünün şimal bölgələrini qazla təmin etmək üçün Rusiyanın yardımına müraciət edir.
Digər tərəfdən, Türkiyə və Gürcüstan da qaz idxal edən ölkələrdir və bu prosesdə əsas tədarükçü Azərbaycan sayılır. Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmadan Azərbaycanın Ermənistana qaz satacağını düşünmək isə real deyil.
Bütün bunları nəzərə alanda, ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar uzunmüddətli xarakter daşısa, bu, Ermənistanın enerji təhlükəsizliyinə və ümumilikdə iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Hikmət Həsənov